
Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər.Ölkəmizdə gender tendensiyasının başlamasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir. Belə ki, Cümhuriyyət dövründə qadının savadlanması, onlara səsvermə hüququnun verilməsi və qadınların ictimai işlərə və ölkənin idarə edilməsinə cəlb edilməsi, müsəlman şərqində böyük tarixi hadisə idi. 1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xal Cümhuriyyəti, həm də Şərqdə, İslam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi dünya tarixinə imza atmaqla, belə bərabərliyə nəinki təkcə Şərq hətta yeni-yeni faşizmin beşiyinə çevrilməkdə olan bir çox Avropa dövlətləri üçün çox həsədaparıcı hadisəyə çevrildi. Araşdırmalar göstərir ki, Cümhuriyyət dövründə hüquqi təməli qoyulan gender bərabərliyiprinsipi sovet dövrü ərzində həm hüquqi, həm də reallıq baxımdan həyata keçirilib. Azərbaycanmüstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq, ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına imkan yaradıb. Hazırda gender bərabərliyi dünyada ən aktual məsələlərdən biri hesab edilir. Dünyanın bir parçası olan Azərbaycanda da qanunvericilik çərçivəsində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub. Azərbaycanın Ailə, Əmək, Cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb.
Azərbaycanda gender bərabərliyi prioritet məsələlərdən hesab edilir: “Ölkədə gendebərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Cəmiyyətimizdə xanımlar demək olar ki, həyat fəaliyyətinin bütün sahələrində uğurla təmsil olunurlar. Bu da çox mühüm bir amildir. Digər tərəfdən dövlət hakimiyyətinin bütün qollarında müxtəlif vəzifələrdə biz xanımların təmsil olunduğunu görürük. Eyni zamanda İcra Hakimiyyətlərində başçıların humanitar məsələlər üzrə müavinlərinin demək olar ki, hamısı əks cinsin nümayəndələridir. Bir sözlə, hüquq mühafizə orqanlarında, parlamentdə və digər mühüm postlarda xanımlar uğurla təmsil olunurlar. Bütün bunlar Azərbaycanda gender siyasətinə çox mühüm yer verildiyini sübuta yetirir. Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezidentimiz tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı prioritet təşkil edir”.
Dövlətimiz qadınların bütün sahələrdə çalışması üçün şərait yaratmaqdadır. Hansısa bir sahədə qadınların çalışması üçün qadağa, məhdudiyyət yoxdur. Azərbaycan qadınının təhsil ocaqlarında çalışması, elmi kəşflərə imza atması, elmin, mədəniyyətin inkişafına töhfələr verməsi, ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında ölkəmizi təmsil etməsi, yetərincə diplomat qadınlarımızın olması və idmançı qadınlarımızın bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırması danılmaz faktlardır. Bu faktlar isə öz növbəsində onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və deməli, Azərbaycanda gender siyasəti uğurla davam etdirilir.
Əsədli Əsəd,
Masallı Dövlət Regional Kollecinin müəllimi