
Azərbaycan və Somali arasında diplomatik əlaqələr son dövrlər sürətlə inkişaf edir. Fevralın 11-12-də Somali Prezidenti Həsən Şeyx Məhəmmədin Azərbaycana rəsmi səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı Azərbaycan və Somali prezidentləri İlham Əliyev və Həsən Şeyx Məhəmmədin iştirakı ilə bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların açılması baxımından böyük əhəmiyyət daşıyır
Həmçinin iki ölkənin xarici işlər və müdafiə nazirləri arasında qarşılıqlı dəstək və əməkdaşlıq mübadiləsi baş tutub.
Azərbaycan və Somali əməkdaşlığı diplomatik dialoq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Hər iki tərəf bir-birinin daxili işlərinə hörmətlə yanaşaraq, regional və qlobal məsələlərdə birgə mövqe sərgiləyir. İki ölkə arasında münasibətlər ticari-iqtisadi əlaqələrə, həm də siyasi dəstəyə əsaslanır. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvü olaraq Somali Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyib. Bu, iki ölkə arasında dərin dostluq və etibarın əsasını qoyur.
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasında iştirak etmişdir. Bu tədbir ölkəmizin beynəlxalq münasibətlərdəki əhəmiyyətini və Qoşulmama Hərəkatı çərçivəsindəki rolunu bir daha önə çıxardı. Əvvəlki xarici işlər naziri
Bakıda keçirilən iclasda iştirakı iki ölkə arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın daha da güclənməsinə zəmin yaratdı. Ötən ilin iyulunda isə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı ikitərəfli məsələlər üzrə müzakirələr aparılıb, gələcəkdəki əməkdaşlıq imkanlarını genişləndirmək üçün bir çox sahədə konkret addımlar atılmasına qərar verilib.
İmzalanan sənədlər və həyata keçirilən mübadilə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Somali Azərbaycanın inkişaf təcrübəsindən faydalanaraq iqtisadiyyatını gücləndirə bilər. Eyni zamanda bu əməkdaşlıq regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, "yaşıl enerji", humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır.
Azərbaycan öz müsbət təcrübəsini Afrika ölkələri ilə bölüşərək qitənin inkişafına dəstək verir. Ölkəmizin uğurlu iqtisadi modeli, təcrübə mübadiləsi və humanitar yardımları Afrika ölkələrinin daha güclü və müstəqil gələcəyə doğru irəliləməsini təmin edə bilər. Somali və digər Afrika ölkələri ilə əməkdaşlıq ölkəmizin qlobal mövqeyini möhkəmləndirir və qitə ilə gələcək əlaqələrin dərinləşməsinə zəmin yaradır.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis