Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 24 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir.
Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Təsadüfi deyil ki, ölkə Prezidenti bu il sentyabrın 20-də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən ölkəmizdə aparılan uğurlu islahatlardan danışmış, son illərdə respublikada 11 min kilometr uzunluğunda müasir avtomobil yollarının çəkilməsini diqqətə çatdırmışdır. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar ümumilikdə ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edir, məhsulun itkisiz daşınmasına şərait yaradır və regionların sosial-iqtisadi inkişafına kömək edir.
Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran və nailiyyətlərini artıran “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti respublikanın ümumi istifadəsində olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda olan küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yolötürücüsünə, körpü və tunellərə göstərdiyi nümunəvi xidməti günbəgün yüksəldir.Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 28 dekabr tarixli sərəncamı da respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkan vermişdir. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilmiş, habelə yenidən qurulub təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil magistrallarında və Bakı şəhərindəki yollarda 26 yeni və müasir tipli körpü və 8 piyada keçidi tikilib istifadəyə verilmişdir. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev elə bu yaxınlarda - oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101 kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak etmiş, yolun rəmzi açılışını bildirən lenti kəsmişdir. Bakı-Şamaxı-Muğanlı yolunun Cəngi-Bədəlli hissəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Dövlət başçısı elə həmin gün Qobustan rayonunda 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirən və “40 yol” layihəsindən biri olan Təklə-Sündü-Xilmilli, Şamaxı-Göylər-Padar və əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yollarının açılışında iştirak etmişdir. Layihə çərçivəsində yol boyu tikilən 16 yeraltı və 6 yerüstü piyada keçidləri, avtobus dayanacaqları tikilmiş, 150-yə yaxın yol nişanı quraşdırılmışdır. Pirqulu-Dəmirçi avtomobil yolu 5 kəndi birləşdirir. Dağlıq ərazidə yerləşən Pirqulu-Dəmirçi yolunun uzunluğu 8 kilometrdir. Bu yol uzun müddət gözdən uzaq olmuş və təmir edilməmişdir.
Ümumiyyətlə, Pirqulu-Dəmirçi yoluna asfalt qatı vurulmadığına görə hərəkət hissəsi tamamilə sıradan çıxmışdı. Bu acınacaqlı vəziyyət nəqliyyat vasitələrinin payız və qış aylarında hərəkətində ciddi problem yaradırdı. “Azəravtoyol” ASC-nin gördüyü operativ işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu iki hərəkət zolaqlı olmaqla dördüncü texniki dərəcəyə uyğun yenidən qurulmuşdur. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilmişdir. Şamaxı rayonunun dağlıq ərazisində yerləşən bu avtomobil yolu əlbəttə, regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdıracaq, bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan verəcək, habelə əhalinin rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu yol həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Ən başlıcası isə, kənd təsərrüfatı işçiləri öz məhsullarını daha tez və rahat bazara çıxara biləcəklər.Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda və paytaxt Bakıda keçirilmiş uğurlu mötəbər yarışlarla bağlı ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən həmin dövr ərzində “Azəravtoyol” ASC-yə verilmiş bütün tapşırıqlar da vaxtında və yüksək səviyyədə yerinə yetirilmişdir.Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda demişdir: “2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir.
Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar”.Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Cabbarova Leyla,
Masallı Gənclər Evi Masallı rayonu, Qasımlı kəndi