2 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin konfrans zalında “Klassik Azərbaycan şeirinin günəşi-Məhəmməd Füzuli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş bu beynəlxalq elmi konfransın əsas qayəsi Məhəmməd Füzulinin dünya miqyasında əsərlərinin təbliği, çapı, əlyazmaların yerləşdiyi kitabxanalar haqqında müzakirələrin aparılmasıdır.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Füzuli irsinin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Qeyd edib ki, Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan-türk dilidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir.
Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə dahi şairin yubileyi münasibətilə beynəlxalq elmi konfransın keçirildiyini, alimlərimizin Qazaxıstanda və Özbəkistanda “Füzuli günləri” tədbirlərində iştirak etdikləri vurğulayıb.
Məhəmməd Füzulinin yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində fəliyyətin davam etdiyini qeyd edən AMEA rəhbəri Akademiyanın Türkiyənin Qazi Universiteti və İraqın Kərkük Universiteti ilə birgə Məhəmməd Füzuliyə həsr olunan konfransların təşkil olunacağını da bildirib.
Qeyd edib ki, bu kimi tədbirlər, eləcə də şairin həyat və yaradıcılığından bəhs edən tədqiqatlar bir növ Akademiyanın Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ərəfəsində istər ölkə miqyasında, istərsə də beynəlxalq miqyasda elmi ictimaiyyətə hesabatıdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Anar, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya, Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Fəridə Əzizova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin ədəbi-bədii yaradıcılığından ətraflı bəhs edərək, bu günün önəmini xüsusi vurğulayıblar.
Beynəlxalq Kitab Sərgisi çərçivəsində, həmçinin “Məhəmməd Füzuli 530” mövzusunda ekspozisiyanın açılışı olub.
Ekspozisiyada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, əlyazmaları, daşbasmaları və digər kitablar nümayiş olunur.