X Bakı Beynəlxalq Kitab Sərgisində “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” təqdim olunub

X Bakı Beynəlxalq Kitab Sərgisində “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” təqdim olunub
  • Cəmiyyət

  • X Bakı Beynəlxalq Kitab Sərgisində "Füzuli" təqdimat zonasında Azərbaycan Milli Elmlər Akademiyasının “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” adlı təqdimatı keçirilib.

    Təqdimat mərasimində AMEA-nın institut və təşkilatlarından nümayəndələr, elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. 

    Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli klassik nəsrin böyük ustadı Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının sərəncamını xatırladıb. Sərəncamın Məhəmməd Füzuli irsinin tədqiqi və təbliğinə mühüm təkan verdiyini qeyd edib, bu məqsədlə akademiyada şairin elmi-ədəbi irsinin öyrənilməsi istiqamətində tədqiqatların davam etdiyini, o cümlədən dahi mütəfəkkirin yubileyə həsr olunan silsilə respublika və beynəlxalq səviyyəli konfransların keçirildiyini diqqətə çatdırıb.

    Məhəmməd Füzulinin Türk dünyasının sivilizasiyaya bəxş etdiyi ən böyük dühalardan olduğunu deyən akademik İsa Həbibbəyli Füzuli dövrü, ədəbi irsi və məktəbi problemlərinin müasir humanitar düşüncənin tələbləri kontekstində yenidən tədqiqinə böyük ehtiyacın olduğunu bildirib.

    Akademik İsa Həbibbəyli sərgidə AMEA üçün ayrılmış guşədə Akademiyanın müvafiq institut və təşkilatlarının M.Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsini əks etdirən monoqrafiya, kitab, tərcümə nəşrləri və materialların yer aldığını vurğulayıb.

    Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları Fəridə Əzizova, Ataəmi Mirzəyev və AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü çıxış edərək Füzuli sənətinin qüdrəti, miqyası, mütərəqqi fikirlər təbliğ edən şairin ana dilində yaratdığı əsərlər haqqında fikirlərini bölüşüblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər