AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub

AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
  • Cəmiyyət / Maraqlı

  • Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Ülviyyə Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, AMEA Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Tədbirdən öncə ilk dəfə təşkil olunmuş Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinə, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizləri sərgisinə, eləcə də AMEA Arxeologiya və Antropologiya İnstitutunun sərgisinə baxış olub.
    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib.

    Azərbaycan elminin qədim tarixi köklərə malik olduğunu bildirən AMEA rəhbəri Orta əsrlərdə və sonrakı dövrlərdə Xətib Təbrizi, Əbülhəsən Bəhmənyar, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, Əbdülqadir Marağayi, Abbasqulu Ağa Bakıxanov kimi alim və mütəfəkkirlərimizin öz elmi fəaliyyətləri ilə bütün dünyaya səs saldıqlarını bildirib. Həmçinin həmin dövrlərdə elmi ideyaların görkəmli ədəbi mütəfəkkirlərimizin əsərləri vasitəsilə ictimaiyyətə aşılandığını və nəticədə elmin cəmiyyətdə öz nüfuzunu artırdığını vurğulayıb.

    Azərbaycan elminin təşkilatlanmasından sonra bu prosesin geniş vüsət aldığını söyləyən akademik İsa Həbibbəyli 1923-cü ildə elmi-tədqiqat işlərini aparmaq üçün Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradıldığını, 1932-ci ildə bunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin təşkil edildiyini, 1935-ci ildə isə SSRİ EA Azərbaycan Filialına çevrildiyini diqqətə çatdırıb. Nəhayət, 1945-ci ilin 27 mart tarixində 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğunu bildirib.

    AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini deyən akademik İsa Həbibbəyli bu inkişafın təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet hakimiyyəti illərində Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli Liderin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilib.
    Son illərdə isə Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli elmi tədqiqatların ölkəmizin inkişaf strategiyasına və milli prioritetlərə uyğun həyata keçirildiyini, nəticədə böyük uğurların əldə olunduğunu söyləyib. Həmçinin dövlət başçısının qayğısı nəticəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkil olunduğunu, Yüksək Texnologiyalar Parkının yaradıldığını, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikildiyini, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yeniləşdirildiyini, Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin təsdiq olunduğunu diqqətə çatdırıb.
    “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələnin başlandığını bildirən akademik İsa Həbibbəyli Elm və Təhsil Nazirliyinin AMEA ilə birgə ölkəmizdə elmi fəaliyyətin təşkili və nüfuzunun artması istiqamətində mühüm səylər göstərdiyini vurğulayıb.
    Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə AMEA-da görülən genişmiqyaslı işlərdən də danışıb, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini əks etdirən 50-dən çox fundamental monoqrafiya və sanballı nəşrlərin ərsəyə gətirildiyini, Akademiyanın HeydərƏliyevnaməsinin yaradıldığını söyləyib.

    AMEA rəhbəri, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun tarixinin, folklorunun, mədəniyyətinin, arxeologiyasının öyrənildiyini, aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitablar əsasında Akademiyanın yeni Qarabağnamələr silsiləsinin yaradıldığını bildirib.

    Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasından irəli gələrək həyata keçirilən işlərdən də bəhs edən akademik İsa Həbibbəyli AMEA-da Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının təşkil olunduğunu, Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan Tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutunda Toponimika şöbələrinin yaradıldığını diqqətə çatdırıb.

    Həmçinin aparılan struktur islahatlarından danışan AMEA rəhbəri Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilinin Akademiyada yeniləşmə proseslərinin mühüm hadisələrindən olduğunu deyib. Bundan əlavə, AMEA-nın müxtəlif elmi müəssisələrində müasir tələblərə uyğun olaraq “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Xəzərin arxeologiyası”, “Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı”, “İdrak nəzəriyyəsi və məntiqi”, “Türk xalqlarının əlyazmaları”, “Musiqi folkloru” şöbələrinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Türk Ədəbiyyatı Mərkəzinin yaradıldığını bildirib.

    Akademik İsa Həbibbəyli yeniləşən Akademiyada aparılan islahatlar içərisində elektron hərəkatın xüsusi yer tutduğunu, elmmetrik hesablamaların aparılması, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulmasının həyata keçirilməsi üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında “Elektron Akademiya” şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda şöbənin əməkdaşları tərəfindən MDB məkanında ilk dəfə, Türk dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə Virtual Elektron Resurslar Sisteminin yaradıldığını deyib. Hazırda “Elektron Akademiya” şöbəsi tərəfindən elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyalarının modelini yaratmaq üzərində işlərin aparıldığını diqqətə çatdırıb.

    AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan akademik İsa Həbibbəyli 2023-2024-cü illərdə Milli Elmlər Akademiyasının 3 beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edildiyini, Türkiyə, Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro Elmlər akademiyaları ilə müqavilələrin bağlanılaraq əlaqələrin genişləndirildiyini söyləyib.

    Həmçinin dövlət başçısının Milli Məclisdəki andiçmə mərasimində qarşıya qoyduğu Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

    “Türk dünyası ilə elmi əlaqələrin daha da genişləndirilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiqi, AMEA-nın embleminin dəyişdirilməsi və yeni loqotipinin yaradılması, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində Azərbaycan elminin rolunun artırılması qarşıdakı başlıca hədəflərimizdəndir”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı xalqımıza böyük qələbələr bəxş etmiş və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti alimlərimiz ürəkdən dəstəkləyir, Azərbaycan elminə daim diqqət və qayğı göstərən dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

    Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.

    Tədbirdə akademik Akif Əlizadə çıxış edərək Elm günü münasibətilə elmi ictimaiyyətə təbrik edib, dövlət başçısının daim Azərbaycan elminə, Milli Elmlər Akademiyasına qayğı göstərdiyini, elm xadimlərinin təkliflərinə daim diqqətlə yanaşdığını deyib, təltif olunanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Daha sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı və Fəxri fərmanları şuranın sədri Eldar Quliyev tərəfindən elm xadimlərinə təqdim edilib.

    Təltiflərdən sonra millət vəkili Eldar Quliyev elmi ictimaiyyəti təbrik edib, alimlərə yeni-yeni nailiyyətlər arzulayıb.

    Tədbir çərçivəsində, həmçinin “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub.
    Akademik İsa Həbibbəyli ilk dəfə olaraq Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinin Elm günü çərçivəsində təşkil olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli ömrünün 70 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr etmiş ustad heykəltaraş Ömər Eldarovun zəngin yaradıcılıq yolundan bəhs edib. Bildirib ki, ölkəmizdə heykəltəraşlıq məktəbi yaratmış akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementləri öz əksini tapmışdır. Görkəmli sənətkar Azərbaycan heykəltaraşlıq sənətinə “düşünən heykəllər” silsiləsini gətirmişdir. Akademik Ömər Eldarovun məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olduğunu söyləyən AMEA rəhbəri bildirib ki, məşhur heykəltəraş tərəfindən respublikamızda peşəkar rəssam və heykəltəraşlıq məktəbi formalaşmışdır.

    Ona göstərilən diqqətə görə dövlət başçısına və Akademiya rəhbərliyinə dərin minnətdarlığını bildirən Ömər Eldarov uşaqlıq illərindən, heykəltəraş olmağına keçən yoldan bəhs edib. Ömər Eldarov vurğulayıb ki, Fəxri xiyabanda ucalan bütün heykəl və büstlər onun əl işidir və bu baxımdan Fəxri xiyabanı özünün açıq səma altında fərdi sərgisi adlandırmaq olar. Keçdiyi şərəfli yolun gərgin əmək tələb etdiyini bildirən Ömər Eldarov yaratdığı obraz və kompozisiyalardan, görkəmli şəxsiyyətlərlə işindən, təkcə Azərbaycanda yox, dünyanın bir sıra ölkəsində yaratdığı əsərlərdən danışıb.
    Daha sonra Ömər Eldarovun həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi nümayiş etdirilib.

    Tədbirdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında müvafiq Sərəncamının Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə elmi ictimaiyyəti təbrik edib. Turxan Süleyman elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, 2023-cü il noyabrın 28-də ölkə başçısının imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, bu qərar bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq. O, alimləri və gənc tədqiqatçıları Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.

    Sonra çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. Prezident İlham Əliyevin elmi ictimaiyyətə hər zaman dəstək olduğunu söyləyən Fazil Mustafa dövlət başçısının elmlə bağlı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra Sərəncam və fərmanlar imzaladığını xatırladıb. O, dünya elminin çağırışlarına cavab verən elmi tədqiqatlara üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmağın vacibliyini qeyd edib. Çıxışının sonunda Fazil Mustafa elm adamlarını peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

    Çıxışlardan sonra akademik Yusif Məmmədəliyev haqqında film nümayiş etdirilib.

    Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

    Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Marşı səsləndirilərək tədbirə yekun vurulub.



    Müəllif: leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər