Ulu Öndər Heydər Əliyev və Azərbaycan ordusu

Ulu Öndər Heydər Əliyev və Azərbaycan ordusu
  • Cəmiyyət

  • Müasir Azərbaycan Ordusu müstəqil dövlətimizin memarı və qurucusu  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. 
               
    Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. 
               
    Belə ki,C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
               
    Ulu Öndər Heydər Əliyev C.Naxçıvanski adına Hərbi liseyin yaradılması ilə bağlı demişdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
               
    1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
               
    Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.
                 
    Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
    Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.
               
    Bu gün Azərbaycanda ordu  quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrinin Müzəffər Ali baş komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
               
    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün müzəffər ali baş komandan İlham Əliyev tərəfindən uğurla inkişaf edən müasir Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq,düşmən tapdağında qalan torpaqlarımızı azad etdi.
               
    Müzəffər Azərbaycan ordusu 2023- cü ilin sentyabrında başladığı 23 saatlıq antiterror əməliyyatı nəticəsində xunta rejimin son qalıqları da torpaqlarımızdan təmizlənərək,ərazi bütövlüyümüz tam təmin olundu,Qondarma Dağlıq Qarabağ Respublikası tarixə qovuşdu.
               
    Beləliklə, xalqımızın birliyi, Müzəffər Ali baş komandanın qətiyyətli mövqeyi və  ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində düşmənə amansız zərbə vurularaq,30 ildən artıq düşmən tapdağında qalan torpaqlarımız azad olundu.
             
    Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən 20 ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir . Dünyanın ən güclü orduları sırasında 50-ci yerdə olan Güclü, Qüdrətli ordumuz dünyaya Qalib ölkənin Qalib Ordusu olduğunu bir daha göstərdi. 
                 
    Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər Paradında Prezident, Ali Baş Komandan bununla bağlı demişdir: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
               
    Sonda fikrimi Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı söylədiyi fikri ilə bitirmək istəyirəm.“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.




    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin müəllimi



    PAYLAŞ:

    Oxşar xəbərlər