
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Ümummilli lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxlayır.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqilliyin qorunmasını onun əldə olunmasından daha çətin olduğunu bildirən ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik.
Azərbaycanın 2011-ci ildə 193 ölkdən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına iki illin sədrliyi öz üzərinə götürməsi, hazırda pandemiya dövründə dünyaya birlik, həmrəylik çağırışı edərək videoformat şəklində Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və buna yüksək səviyyədə nail olması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin göstəricisidir. Bunlar ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis