Füzuli bölgəsi inzibati ərazi vahidi kimi 1827-ci il 10 sentyabrda yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Tariximizin ən görkəmli çağlarına şahid olan Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.Füzuli rayonu tarixiliyi ilə yanaşı iqtisadiyyatı ilə də fərqlənirdi. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir.
Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.
27 sentyabr 2020-ci il tarixdə Cənab Ali baş Komandan İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə Qoçəhmədli.Çimən ,Musabəyli,Pirəhmədli.Dədəli, İşıqlı,Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdir.
Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində 100 ildən artıq müddətdə sahib olduğu torpaqları itirən Azərbaycan dövləti artıq yenidən vahid ərazi bütövlüyünün bərpasına başladı. Torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonunun azad olunması artıq Azərbaycanın işğal altında olan torpaqlarının tamamilə geri qaytarılacağına şübhə yeri belə qoymadı. 9 noyabr 2020 ci ildə ermənistan silahlı qüvvələrinin təslim olması ilə müharibəni qalib bitirən Azərbaycan işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri həyata keçirdi.
Füzuli rayonu Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən əvvəlki firavan həyatına geri dönür.
Çingiz Qurbanov,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı