AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.
Görüşdə ABŞ, Kanada, Türkiyə, Moldova, Ukraya, Gürcüstan, Özbəkistan kimi ölkələrdən 30-a yaxın nümayəndə iştirak edib.
Əvvəlcə qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.
Sonra qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrə baxış keçiriblər.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin konfrans iştirakçıları ilə görüşü olub.
Alim Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini və hazırda Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələrində olduğu kimi, seysmologiyanın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli üç günlük tədbirdə beynəlxalq ictimaiyyətlə bir yerdə seysmologiyanın ən aktual məsələlərinin, müvafiq sahədəki elmi təcrübənin, seysmoloji yeniliklərin müzakirə ediləcəyini və mühüm elmi nəticələrin əldə olunacağını bildirib.
AMEA rəhbəri Azərbaycanda seysmik tədqiqatların ən müasir seysmoloji avadanlıqlar və proqram təminatından istifadə edilməklə aparıldığını söyləyib, Respublika Seysmoloji Xidmət Mərkəzinin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. O, yaxın zamanda Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində ilk seysmoloji mərkəzin istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Sonra ABŞ Enerji Departamentinin Layihələr üzrə nümayəndəsi Viliam Vanderer, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze, Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur, Özbəkistanın nümayəndəsi Bosiddin Fakhraddinov və Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol çıxış edərək Azərbaycanla birgə elmi əməkdaşlığın, beynəlxalq layihələrin, seysmoloji tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb, seysmik bölgələrdə tikinti normalarının nəzərə alınmasının vacibliyini önə çəkiblər.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə Qafqazda seysmik təhlükələrə həsr olunmuş konfransın ölkəmizdə keçirilməsinin önəmini vurğulayıb, üç günlük müzakirələr zamanı partnyor ölkələrlə birgə elmi tədqiqatların aparılması baxımından mühüm elmi nəticələrin əldə olunacağına inamını ifadə edib.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib, xatirə şəkli çəkilib.