Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın tacı Şuşada qeyd edildi.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 10-da Şuşada birinci yaşayış kompleksi istifadəyə verildi və şəhərə köçmüş ilk sakinlərlə görüş keçirildi.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə reallaşan bu mühüm hadisə hər birimizi daha da qürurlandırdı. Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq.
Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin necə gerçəkləşdiyinə şahiddir. Dövlət başçısının ötən il Ümummilli Liderin 100 illiyi münasibətilə xalqa müraciəti də Şuşadan oldu. Cənab İlham Əliyev həmin müraciətində böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
Şuşada ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Cənab İlham Əliyev sakinlərlə görüşdə 30 illik işğal dövrünün reallıqlarından, Şuşanın, eyni zamanda, digər ərazilərimizin işğalı dövründə ölkəmizdə hakimiyyətsizliyin hökm sürməsindən geniş bəhs etdi və bildirdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Dövlət başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” çağırışının davamı kimi dəyərləndirilə bilər. Ulu Öndərin ən böyük arzusu Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanması idi. Artıq böyük qürurla və əminliklə qeyd edirik ki, torpaqlarımız tarixi sahibinə qovuşub, genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır.
Şuşada, Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi: “Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin, həm də dünya ictimaiyyətinə çatdıraq. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda qəhrəmanlıq, zəfər və sülhün rəmzidir.
Türkanə Əliyeva,
YAP fəalı