“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) cari ilin mart-iyul aylarında “FHI360” təşkilatının maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində şəffaflığın öyrənilməsi layihəsini həyata keçirmişdi.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilmişdir:
Agentlik tərəfindən vətəndaşların internet resursu üzərindən informasiya almaq hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə qurumun internet (www.dma.gov.az) resursunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunluğu monitorinq edilmişdir.
Agentliyin vətəndaş hüquqlarının təminatı sahəsindəki fəaliyyətinin, həm də qurumun “İnformasiya əldə etmək haqqında” AR qanununun tələblərini icra etmə durumunun müəyyən edilmişi məqsədilə 8 informasiya sorğusu göndərilmişdir
Agentliyin Göyçay və Gəncə Peşə Hazırlığı Mərkəzinə başçəkmələr həyata keçirilmişdir.
Layihə çərçivəsində keçirilmiş fəaliyyətlər, əldə olunmuş nəticələr və vəziyyətin yaxşılaşdırılması ilə bağlı təkliflərə dair hesabatla əlavədə tanış ola bilərsiz.
“Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində şəffaflığın öyrənilməsi”
Monitorinq Hesabatı
Ekspert heyəti:
Rafiq İsmayılov
Elçin Salmanov
Bakı – 2022
2
I. Layihə zərurəti barədə
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin (VCU) əsas fəaliyyət
istiqamətlərindən biri cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyasına dəstək verməkdir. Bu
istiqamətdə icra edilən fəaliyyətlər çərçivəsində mütəmadi olaraq cəza çəkməkdən azad olunmuş şəxslər
kompleks sosial adaptasiya proqramlarına cəlb edilir, qarşılaşdıqları hüquqi problemlərin həlli, tibbi
xidmətlərə çatımlılıq, psixoloji reabilitasiya, məşğulluğun təmin olunmasına köməklik göstərilir. Keçmiş
məhkumların reinteqrasiyası prosesində daha çox rast gəlinən əsas çətinlik məhz məşğulluğun təmin
edilməsidir ki, bu da təkrar cinayət statistikasına təsir edən əsas amillərdən biri hesab olunur. BMT-nin
İqtisadi və Sosial Şurasının 2002/13 saylı Qətnaməsinə görə: Cinayətlərin effektiv qarşısının alınması
üçün tədbirlərə müvafiq sosial və iqtisadi siyasət və proqramları, o cümlədən məşğulluq, təhsil, səhiyyə,
mənzil və şəhərsalma məsələlərinin həlli, yoxsulluq, sosial marginallaşma və təcrid olunmaların
qarşısının alınması kimi proqramlar inteqrasiya edilməlidir. Eyni zamanda həmin Qətnaməyə görə
hökumətlər cinayətin risk faktorlarının aradan qaldırırlması üçün məşğulluq, səhiyyə, təhsil kimi sosial
və iqtisadi inkişaf proqramları vasitəsilə qoruyucu faktorları əhatəli şəkildə təşviq etməlidir. “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununda dövlətin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslər kimi cəzaçəkmə yerlərindən azad edilmiş keçmiş məhkumlara əlavə
iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə
hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatları nəzərdə tutulur.
Misal olaraq, ölkəmizdə özünüməşğulluğunun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz
şəxslərə üstünlük verilir.
Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə hər bir insan işləmək,
istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olunmaq
hüququna malikdir; Hər bir insan, heç bir ayrı-seçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər
haqq almaq hüququna malikdir. Həmçinin “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq
Pakt”da iştirak edən dövlətlər texniki-peşə təhsili və hazırlığı proqramları, insanların əsas siyasi və
iqtisadi hüquqlarının təmin olunduğu şəraitdə durmadan iqtisadi, sosial və mədəni inkişafa, tam və
məhsuldar məşğulluğa nail olmağa üzərlərinə götürmüşlər. Bir sıra digər beynəlxalq sənədlər iştirakçıdövlətləri məşğulluq sahəsində ayrı-seçkiliyin ləğv edilməsi eyni imkanların yaradılması, işin
keyfiyyətinin qiymətləndirilməsinə bərabər yanaşma hüququ, sərbəst sənət və iş seçimi, sosial müdafiə
və təminat hüququ da daxil olmaqla, bu sahədə bütün hüquqların təmin olunmasına çağırır.
VCU qeyd olunanlar səbəbindən yaranan zərurəti nəzərə alaraq, Dövlət Məşğulluq Agentliyinin
fəaliyyətində, göstərilən xidmətlərdə, vətəndaşların hüquqlarının təmin edilməsində şəffaflığın məsafədən
öyrənilməsi işini həyata keçirdi. Hesab edirik ki, monitorinq hesabatı Agentliyin fəaliyyətinin daha da
gücləndirilməsinə, vətəndaşların məşğulluğunun təmin edilməsində uğurların artmasına, VCU-nun
cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin məşğulluğu sahəsində Agentliklə əməkdaşlığının
qurulmasına səbəb olacaqdır.
3
II. Dövlət Məşğulluq Agentliyinin rəsmi internet resursunun monitorinqi
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin istədiyi məlumatı qanuni
yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 30 sentyabr 2005-ci il
tarixində qüvvəyə minmiş “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun
məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş bu hüququn
maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri
əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin
yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Bu qanun
informasiya sahiblərinə hər kəsi özünə aid zəruri informasiyalarla təmin etmək öhdəliyi qoyur. Beləki,
informasiya sahibi olan dövlət orqanı ictimai informasiyaları açıqlamaq üçün internet resursu yaratmalı
və qanunvericililkdə açıqlanması zəruri hesab edilən informasiyaları burada yerləşdirməli və hədəf
auditoriyasına çatımlılığını təmin etməlidirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, hər kəsin əməyə olan
qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ
vardır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu məşğulluğa kömək sahəsində dövlət
siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi
sahəsində dövlət təminatlarını müəyyən edir.
Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin
idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət
qurumları ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının
alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə,
məlumatlandırma, təbliğat işinin təşkili fəaliyyət göstərən publik hüquqi şəxsdir. Kifayət qədər
çoxşaxəli fəaliyyət göstərən Agentlik fəaliyyətində şəffaflığı təmin etmək üçün informasiya sahibi
olaraq müxtəlif üsullarla (internet resursu, sorğuların cavablandırılması, KİV və rəsmi nəşrlər) zəruri
məlumatları işəgötürənlərə və işaxtaranlara çatdırmalıdır. Agentlik informasiya sahibi olaraq cəmiyyətin
maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq
məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi barədə informasiyaları açıqlamalıdır.
Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşların internet resursu üzərindən informasiya
almaq hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə qurumun internet
(www.dma.gov.az) resursunun “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanununun tələblərinə uyğunluğu monitorinq edilmişdir.
Monitorinq nəticəsində müəyyən edilmişdir:
Dövlət Məşğulluq Agentliyinin internet resursu 7 bölmə və 42 alt-bölmədən ibarətdir. 1 bölmə
və 8 alt-bölmə Agentliyin tabeliyində olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Nazirliyin tabeli digər qurumları barədə məlumat verir. Monitorinq Agentliyin
fəaliyyət sahələrini əks etdirən 6 bölmə və 34 alt-bölmə üzərindən aparılmışdır.
4
Ziyarətçilərin Agentliklə əlaqə saxlama imkanları
Ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri yoxdur, yalnız ümumi xarakterli əlaqə
vasitələri – ünvan, qaynar xətt, elektron poçt göstərilir.
Agentliyin ünvanının marşrut sxemi göstərilməmişdir.
Qurumun tabeliyindəki informasiya sistemləri – Sayt, “Linkedin”, “Facebook”, “İnstaqram”
hesabları və “youtube” kanalı vardır.
Saytın elektron qaydada informasiya əldə etmək üçün platforması qanunvericiliyin tələblərinə uyğun
formalaşdırılmayıb, müraciətlə informasiya sorğusu eyniləşdirilib. Agentliyə onlayn müraciət üçün
mesenger mövcuddur, lakin bu platformadan istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və
digər məcburi əlavə məlumatlar tələb olunur.
Agentlik, struktur və rəhbər işçilər
Agentliyin tarixi, məqsəd və vəzifələri, qurumunun fəaliyyətini təmin edən qanunverici baza,
nizamnamə yerləşdirilmişdir. Lakin ictimai müzakirəyə çıxarılan normativ hüquqi aktların layihələri,
dövlət qulluqçusunun etik davranış qaydaları haqqında məlumata rast gəlinmədi.
Agentliyin strukturunun ümumi sxemi aydın göstərilməmişdir. Beləki:
Saytda 5 idarə heyyəti üzvü, 4 rəhbər heyyət və 13 departament rəhbərinin adları sadalanır, digər
alt bölmələr-şöbələrin rəhbər məlumat qarışıqdır. Bunlardan yalnız 5 nəfər idarə heyyəti
üzvünün bioqrafiyası yerləşdirilmişdir.
Ümumiyyətlə heç bir rəhbər şəxsin əlaqə məlumatları (elektron poçt, telefon) göstərilməmişdir.
Ərazi məşğulluq filialları, onların rəhbərləri, əlaqə vasitələri barədə heç bir məlumat aşkar
edilməmişdir.
Saytın müvafiq bölməsində idarə heyəti üzvlərinin və digər rəhbər şəxslərin səlahiyyət
çərçivələri izah edilməmişdir.
Agentlik ilə əks əlaqə həm qaynar xətt, həm sayt üzərindən “Messenger”, həm E-poçt, həm də
poçt vasitəsilə mümkündür.
Vətəndaş qəbulu
Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu barədə məlumatlar açıqlanmışdır. Saytda 43 rəhbər
şəxsin qəbul günləri və saatları cədvəli mövcuddur.
Agentlikdə vətəndaşların qəbul qaydaları, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və
qaydaları açıqlanmır.
Agentliyin cari fəaliyyəti
2022-ci ilin ilk rübündə 70 press reliz – mətbuat üçün açıqlama yerləşdirilmişdir ki, bu informasiya
ötürülməsinin tezliyi baxımından yetərli hesab oluna bilər.
Agentliyin həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə mövcuddur və bu barədə məlumatlar
həm bu bölmədə, həm də ana səhifədə yerləşdirilmişdir.
5
Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası
Ümumiyyətlə saytda açıqlanmır (!) :
Agentliyin büdcəsi və icmal büdcənin icrası barədə hesabatlar, büdcədənkənar daxilolmalar və
onların istiqamətləri barədə informasiyalar;
İdarə heyyətinin sədri, müavinlər və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası.
Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya
Agentlik 13 istiqamət üzrə dövlət xidməti göstərir. Saytda bu xidmətlər haqqında qısa məlumatlar
yerləşdirilmişdir. Lakin bu məlumatların bəzilərində, o cümlədən “Haqqı ödənilən ictimai işlərə cəlb
olunma” xidməti barədə verilən informasiyada vətəndaşın bu xidmətdən istifadə etmə yolları izah
edilmir.
Elektron formada təklif olunan xidmətlər aşağıdakılardır:
İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın
ləğvinin təşkili xidməti
Peşə hazırlığına cəlb olunma
Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi
Vakansiya bankının təşkili
Fərdi məşğulluq proqramı
Saytda şəxsi kabinet bölməsi mövcuddur, lakin ziyarətçi şəxsi kabinet üçün qeydiyyatdan keçmə
vasitələri barədə qətiyyən məlumatlandırılmır. Ümumiyyətlə qeydiyyat keçidinə rast gəlinmir.
III. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi dövlət xidmətləri ilə
bağlı məlumatların əldə olunması məqsədilə verilmiş informasiya
sorğularının cavablandırılması, vətəndaşların informasiya əldə etmək
hüququnun təminatı vəziyyəti.
Layihə ekspertləri informasiya sorğuları vasitəsilə Agentliyin fəaliyyətində şəffaflığı araşdırdılar.
Bu araşdırma çərçivəsində həm Agentliyin vətəndaş hüquqlarının təminatı sahəsindəki fəaliyyətinin,
həm də qurumun “İnformasiya əldə etmək haqqında” AR qanununun tələblərini icra etmə durumu
yoxlanıldı.
Qeyd olunmalıdır ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz
və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu “İnformasiya əldə etmək haqqında”
Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sorğusu informasiya sahibi
6
tərəfindən ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməli, açıqlanması qanunla
qadağan olunmayan informasiyalar sorğuçuya təqdim olunmalıdır.
Dövlət Məşğulluq Agentliyinə poçt vasitəsilə yazılı şəkildə, əsaslandırılmış, açıqlanması qanunla
qadağan edilməyən, Agentliyin internet resursunda yerləşdirilməmiş, ümumilikdə 47 sualdan ibarət 8
informasiya sorğusu göndərilmişdir.
Milli qanunvericiliyə görə informasiya sorğusu verən informasiya əldə etmək üçün yazılı və ya
şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Biz bu araşdırma zamanı Agentliyin
qanunvericiliyin tələblərinə riayət etməsini, hüquqların təminatı vəziyyətini öyrənməklə yanaşı həm də
dövlət qurumunda fiziki şəxslə hüquqi şəxsin müraciətinə münasibətdə fərqlilik səviyyəsini araşdırmaq
istədik. Bu səbəbdən fərqli günlərdə, ümumilikdə 31 sualdan ibarət 4 sorğu hüquqi şəxs adından,
ümumilikdə 16 sualdan ibarət 4 sorğu fiziki şəxs adından tərtib edilərək Agentliyə təqdim olundu.
Sorğu 1
Göndərilmə tarixi 22 aprel 2022
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə,
informasiya sahibləri dövlət orqanlarında çalışan vəzifəli şəxslərin həm də telefon nömrələri və
elektron poçt ünvanlarını açıqlamalıdırlar. Lakin Agentliyin internet resursunda heç bir rəhbər şəxsin
əlaqə məlumatları göstərilməmişdir.
Eyni zamanda qanunun 15.2-ci maddəsində vətəndaşın fərdi məlumat əldə etmək üçün sorğunu
bilavasitə informasiya sahibinin vəzifəli şəxsinə vermək hüququ təsbit olunur.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxslərinin əlaqə
məlumatları barədə informasiyanın təşkilatımıza təqdim olunmasını xahiş edirik.
Cavab
Verilməmişdir!
Sorğu 2
Göndərilmə tarixi 22 aprel 2022
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı
ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar
üçün kvota tətbiq edilməsi Qaydası”na görə, müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş
yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya
“DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında
qərar qəbul edib, bu barədə məlumat verir. Agentlik işəgötürənlər tərəfindən bu göndərişlər əsasında
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota
müəyyən olunmuş iş yerlərinə qəbul edilməsinə nəzarət edir.
Qeyd olunanları nəzərə alaraq, aşağıda sadalanan informasiyaların təqdim olunmasını xahiş
edirəm:
1. 2021-ci il ərzində ümumilikdə neçə nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən vətəndaş kvota üzrə işlə təmin edilmişdir?
2. 2021-ci il ərzində ümumilikdə neçə nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
7
düzəlməkdə çətinlik çəkən vətəndaş iş üçün müraciət etmişdir?
3. 2019, 2020, 2021-ci illərdə neçə nəfər cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaş iş
üçün müraciət etmişdir?
4. 2019, 2020, 2021-ci illərdə neçə nəfər cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaş
kvota üzrə işlə təmin edilmişdir?
5. 2021-ci ildə məşğulluq mərkəzləri və “DOST” mərkəzlərinin göndərişi ilə sosial
müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul
etməyən işəgötürənlər müəyyən edilibmi? Ötən il bununla bağlı hər hansı inzibati tənbeh
tədbiri tətbiq edilibmi?
Cavab
Verilməmişdir!
Sorğu 3
Göndərilmə tarixi 22 aprel 2022
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən işəgötürənlər tərəfindən
əhalinin məşğulluğu sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarəti həyata
keçirir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə görə
işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində
əməkhaqqı göstərilməklə bu barədə məlumatları Dövlət Məşğulluq Agentliyinin elektron informasiya
sisteminə (“Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə
MAS-da formalaşdırılmış “Vakansiya Bankı”) daxil etməlidirlər.
Dövlət Məşğulluq Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust
tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi
Qaydası”na uyğun olaraq plan üzrə və ya plandankənar yoxlamalar, monitorinqlər vasitəsilə
işəgötürənlər tərəfindən bu öhdəliklərə riayət olunması vəziyyətini yoxlayır.
Qeyd olunanları nəzərə alaraq, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununa əsaslanaraq aşağıda sadalanan informasiyaların bizə verilməsini xahiş edirik:
1. Dövlət orqanları və təşkilatları tərəfindən 2021-ci il ərzində “Məşğulluq haqqında” Azərbaycan
Respublikası Qanununun 18.3-cü maddəsinə əməl olunması vəziyyəti barədə: Dövlət
Məşğulluq Agentliyi ötən il ərzində hansı qurumlarda bu istiqamətdə pozuntular aşkar etmiş və
hansı məsuliyyət tədbirləri görülmüşdür?
2. Ölkədə fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən 2021-ci il ərzində “Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əməl olunması vəziyyəti barədə:
Dövlət Məşğulluq Agentliyi ötən il ərzində hansı hüquqi şəxslərdə bu istiqamətdə pozuntular
aşkar etmiş və hansı məsuliyyət tədbirləri görülmüşdür?
8
3. Fiziki şəxslər tərəfindən 2021-ci il ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikası
Qanununun 18.3-cü maddəsinə əməl olunması vəziyyəti barədə: Dövlət Məşğulluq Agentliyi
ötən il ərzində hansı fiziki şəxslərdə bu istiqamətdə pozuntular aşkar etmiş və hansı məsuliyyət
tədbirləri görülmüşdür?
4. Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən 2021-ci il ərzində “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əməl olunması vəziyyəti
barədə: Dövlət Məşğulluq Agentliyi ötən il ərzində hansı xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərində bu istiqamətdə pozuntular aşkar etmiş və hansı məsuliyyət tədbirləri
görülmüşdür?
Cavab 13.06.2022
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən
inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli orqanlar (vəzifəli şəxslər) informasiya
ehtiyatlarında olan məlumatların mühafizəsini təmin etməlidirlər. Bu səbəbdən məlumatların təqdim
olunması mümkün deyil.
Sorğu 4
Göndərilmə tarixi 22 aprel 2022
Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun
tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.4-cü maddəsinə görə, Agentlik öz
vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə
orqanları, həmkarlar ittifaqları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Ölkəmizdə ictimai sektorun əhalinin məşğulluğunun təmin olunmasında rolunun öyrənilməsi
məqsədilə aşağıda qeyd olunan informasiyaların təqdim olunmasını xahiş edirəm:
1. 2021-ci il və 2022-ci ilin I rübündə hansı (siyahı) qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq
edilmişdir?
2. 2021-ci il və 2022-ci ilin I rübündə qeyri-hökümət təşkilatları ilə hansı qarşılıqlı fəaliyyətlər,
layihələr icra edilmişdir?
Cavab 06.06.2022
Dövlət Məşğulluq Agentliyi 2021-ci il və 2022-ci ilin birinci rübündə aşağıdakı qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq etmişdir:
“Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə “Kəndlərdə sahibkarlığın və
özünüməşğulluğun inkişafı” layihəsi;
“Asan Könüllüləri” təşkilatı ilə “FotoMen III” layihəsi
“Birgə və Sağlam” İctimai Birliyi ilə “Birgə və Sağlam” layihəsi
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi ilə “Tənha anaların
sosial inkişafına dəstək” layihəsi.
9
Sorğu 5
Göndərilmə tarixi 25 aprel 2022
Agentliyin tərəfindən bir il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin
monitorinqi aparılır. 2021-ci il ərzində aparılan monitorinqlər nəticəsində hansı neqativ hallar aşkar
edilmişdir:
Özünüməşğulluğa cəlb olunmuş necə nəfər şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə
etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurması aşkar edilmişdir? Bu hallarla bağlı hansı
miqdarda vurulmuş ziyanın əvəzinin Agentliyin hesabına köçürülməsi təmin olunmuşdur?
Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş neçə nəfər şəxsin ona verilmiş əmlakdan bir
il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edilmişdir və bununla bağlı hansı
tədbirlər görülmüşdür?
Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan
şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki
ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir:
2021-ci il və 2022-ci ilin I rübündə neçə nəfər cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs
özünüməşğulluğa müraciət etmiş, onlardan neçə nəfəri proqrama cəlb olunmuşdur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması
Qaydası”na görə, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın
digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq
hərraclarda satılmalıdır.
2021-ci il və 2022-ci ilin I rübündə belə hərraclara nə qədər əmlak çıxarılmış və satışdan nə
qədər vəsait əldə edilmişdir?
Cavab 13.06.2022
2021-ci ildə özünəməşğulluq proqramına cəlb edilmiş 16232 nəfərdən şəhid ailəsinin üzvü – 1784,
məcburi köçkün – 1227, Ünvanlı Sosial Yardım alan- 56, əlilliyi olan şəxslər – 1348, müharibə əlili və
ya ailə üzvü – 2393, müharibə iştirakçısı və ya ailə üzvü – 1842, cəzaşəkmə yerlərindən azad edilmiş
şəsxlər – 116 nəfər təşkil etmişdir.
2022-ci ilin I rübündə isə cəzaçəkmə müəssisələrindən azad edimiş 279 nəfər müraciət etmiş,
onlardan 40 nəfəri proqrama cəlb edilmişdir.
Sorğu 6
Göndərilmə tarixi 25 aprel 2022
“İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu
ilə işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769
10
146,0 manat məbləğində müəyyən edilmişdir.
1. Büdcədə işsizliyə görə sığorta ödənişləri 130 000 000,0 manat nəzərdə tutulmuşdur. 2021-ci
ildə sığorta ödənişlərinə nə qədər vəsait xərcləndi və bu xidmət ümumilikdə neçə nəfərə şamil
edildi?
2. Büdcədə peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 7 000 000,0 manat
ayrılmışdır. 2021-ci ərzində neçə nəfər işsiz və işaxtaran şəxsə məsləhət xidməti göstərilmişdir?
Bu xidmətlərin hər hansı uğur indikatorları mövcuddurmu, bu xidmətlərdən faydalanmış nə
qədər benefisiarın işlə təmin olunması statistikası aparılırmı?
3. Büdcədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin
məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin
yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 2 000 000,0 manatdır. 2021-ci
ildə nə qədər kvotadan əlavə iş yeri, sosial müəssisə yaradılmış, hansı proqramlar həyata
keçirilmişdir?
4. İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin 43 907 060,0 manatı xərclənməmişdir. Bu
vəsait büdcədə nəzərdə tutulan hansı xərclədən qənaət edilmişdir?
Cavab 25.05.2022
“İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 3-cü maddəsində “İşsizliyə görə sığorta ödənişləri” istiqaməti üzrə ayrılan vəsait
13 000 000 AZN, “Peşə yönümünə dair məsləhət xidmətinin göstərilməsi” istiqaməti üzrə isə 2 000
000 AZN müəyyən edilmişdir. 2021-ci il üzrə müstəqil audit yoxlaması aparıldıqdan sonra maliyyə
nəticələrini həmçinin Agentliyin rəsmi saytından əldə edə bilərsiniz.
Sorğu 7
Göndərilmə tarixi 25 aprel 2022
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə 11 oktyabr 2021-ci il tarixində tərəflər arasında
imzalanmış “Birgə fəaliyyət planı”na uyğun olaraq əməkdaşlıq edir. Bu fəaliyyət istiqamətlərindən biri də
azadlığı məhdudlaşdırılmış, islah işlərinə məhkum edilmiş şəxslərin məşğulluğunun təmin olunmasına
köməklik göstərilməsidir. Bilmək istərdik ki:
1 saylı Ərazi Məşğulluq Mərkəzində (Yasamal, Səbail, Qaradağ) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
2 saylı Ərazi Məşğulluq Mərkəzində (Pirallahı, Xəzər) neçə nəfər islah işlərinə məhkum
edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
3 saylı Ərazi Məşğulluq Mərkəzində (Sabunçu, Suraxanı, Nizami) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
4 saylı Ərazi Məşğulluq Mərkəzində (Binəqədi, Şuşa, Nərimanov) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
5 saylı Ərazi Məşğulluq Mərkəzində (Xətai, Nəsimi, Zəngilan) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
6 saylı Ərazi Məşğulluq Mərkəzində (Gəncə-Nizami, Gəncə-Kəpəz, Göygöl, Samux Kəlbəcər)
neçə nəfər islah işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin
11
edilmişdir?
7 saylı Ərazi Məşğulluq Mərkəzində (Sumqayıt, Abşeron və Qubadlı) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
8 saylı Ərazi Məşğulluq Mərkəzində (Şamaxı, Qobustan, Ağsu) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
9 saylı Ərazi Məşğulluq Mərkəzində (Qusar, Xaçmaz, Quba) neçə nəfər islah işlərinə məhkum
edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
10 saylı Ərazi Məşğulluq Mərkəzində (Siyəzən, Xızı, Şabran) neçə nəfər islah işlərinə məhkum
edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
11 saylı Ərazi Məşğulluq Mərkəzində (İsmayıllı, Göyçay, Qəbələ, Oğuz) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
12 saylı Ərazi Məşğulluq Mərkəzində (Qax, Şəki, Zaqatala, Balakən) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir? neçə nəfər
islah işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin
edilmişdir?
13 saylı Ərazi Məşğulluq Mərkəzində (Salyan, Şirvan, Hacıqabul, Neftçala) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
14 saylı Ərazi Məşğulluq Mərkəzində (Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
15 saylı Ərazi Məşğulluq Mərkəzində (Astara, Lənkəran, Lerik) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
16 saylı Ərazi Məşğulluq Mərkəzində (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
17 saylı Ərazi Məşğulluq Mərkəzində (Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Laçın) neçə
nəfər islah işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin
edilmişdir?
18 saylı Ərazi Məşğulluq Mərkəzində (Tərtər, Bərdə, Ağdam, Naftalan) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
19 saylı Ərazi Məşğulluq Mərkəzində (Ucar, Kürdəmir, Zərdab, Ağdaş) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
20 saylı Ərazi Məşğulluq Mərkəzində (Goranboy, Yevlax, Mingəçevir, Xocalı) neçə nəfər islah
işlərinə məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
21 saylı Ərazi Məşğulluq Mərkəzində (Gədəbəy, Şəmkir, Daşkəsən) neçə nəfər islah işlərinə
məhkum edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
22 saylı Ərazi Məşğulluq Mərkəzində (Qazax Tovuz Ağstafa) neçə nəfər islah işlərinə məhkum
edilmiş şəxs qeydiyyatdadır və onlardan neçə nəfəri işlə təmin edilmişdir?
Cavab 13.06.2022
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 9 iyul 2012-ci il tarixli 50/6 nömrəli qərarı ilə
təsdiq edilmiş rəsmi statistika hesabatı formalarında islah işlərinə məhkum edilmiş şəxslərin statistikası
öz əksini tapmamışdır.
Sorğu 8
Göndərilmə tarixi 25 aprel 2022
12
Mövcud qaydalara görə, işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək
qabiliyyətli şəxsə Məşğulluq Mərkəzi tərəfindən beş iş günü müddətində münasib iş təklifi edilmədiyi
və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş
göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması
barədə qərar qəbul olunur.
1. 2021-ci il ərzində ölkəmizdə neçə nəfər işaxtaran kimi qeydiyyata alınmışdır?
2. 2021-ci il ərzində işaxtaran kimi qeydiyyata alınmış şəxslərdən neçə nəfəri onlara təklif edilən
münasib işdən imtina etmişdir?
3. 2021-ci il ərzində işaxtaran kimi qeydiyyata alınmış şəxslərdən neçə nəfəri işsiz kimi
qeydiyyata götürülmüşdür?
4. Hazırda ölkəmizdə işsiz kimi qeydiyyata alınmış neçə nəfər cəzaçəkmə müəssisələrindən azad
edilmiş şəxs var?
5. 2021-ci ildə işaxtaran və işsiz kimi qeydiyyata alınmış cəzaçəkmə müəssisələrindən azad
edilmiş şəxslərdən neçə nəfəri qeydiyyatdan müvəqqəti çıxarılmış, qeydiyyatının ləğv edilməsi
və qeydiyyata alınmasından imtina edilməsi barədə Mərkəz tərəfindən qərar qəbul olunmuşdur?
Cavab
Verilməmişdir!
Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşların informasiya əldə etmək hüququnun
təminatı vəziyyəti:
8 sorğudan 3 sorğuya ümumiyyətlə cavab verilməmişdir;
8 sorğudan heç biri qanunvericilikdə nəzərdə tutulan müddətdə (7 iş günü)
cavablandırılmamışdır;
8 sorğuda yer almış ümumilikdə 47 sualdan sorğulara verilən cavablarda yalnız 3 suala
aydınlıq gətirilmişdir, 11 suala (3 sorğu) ümumiyyətlə cavab verilməmiş, 33 suala cavab
verilməməsi isə “əsaslandırılmışdır”.
“İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə görə informasiya sorğusu informasiya
sahibi tərəfindən ən geci 7 iş günü ərzində icra olunur. İnformasiya sahibi həddən çox sorğu aldıqda və
bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini
dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım
gəldikdə, o, Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər. Lakin bu
halda informasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü
ərzində məlumat verir. İnformasiya sahibi tərəfimizdən təqdim olunmuş sorğulara cavab verilməsi,
sorğunun icra olunması üçün müddətin uzadılması ilə də bağlı sorğuçulara heç bir məlumat
verməmişdir.
Dövlət Məşğulluq Agentliyi informasiya sahibi olaraq cari layihə çərçivəsində sorğu ilə müraciət
etmiş fiziki və hüquqi şəxsin informasiya əldə etmək hüququnu qabarıq şəkildə pozmuş, milli
13
qanunvericilikdən irəli gələn zəruri öhdəliklərini icra etməmiş, ictimai maraq doğuran bir çox
informasiyalar gizlədilmiş, bununla da qurumun fəaliyyətində şəffaflığa şübhə yaradılmışdır.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində şəffaflıqla bağlı bəzi narahatedici məqamlar:
“İnformasiya əldə etmək haqqında” Qanununun 29.1.13-cü maddəsinin tələbinə görə,
Agentlik dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatları açıqlamalıdır.
Lakin bu məlumatlar nə Agentliyin internet resursunda yerləşdirilmiş, nə də təqdim
edilmiş informasiya sorğusunda bu istiqamətdə qoyulmuş suallar cavablandırılmamışdır.
Araşdırma zamanı Agentliyin vəzifəli şəxslərinin əlaqə məlumatlarını əldə etmək mümkün
olmamışdır. Vətəndaşla məmur arasında baryer qurulmuşdur.
İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü
müddətində bu barədə məlumatları Dövlət Məşğulluq Agentliyinə verir. Agentlik həm də
bu öhdəliklərin icra olunmasına nəzarət edir. Bu sahədə görülən işlərin, öhdəliklərin icrası
vəziyyətinin açıqlanması şəffaflıq göstəricisi olardı;
Məşğulluğu təmin edilən şəxslərin statistikaları vardır, lakin ehtiyyac statistikaları
açıqlanmır. Bu məqam Agentliyin fəaliyyətinin uğur göstəricilərini ölçməyə imkan vermir.
Məsələn, 2022-ci ilin 5 ayı ərzində 14 756 nəfər işlə təmin edildiyi bildirilir, lakin iş üçün
müraciət edənlərin statistikası açıqlanmır.
IV. Dövlət Məşğulluq Agentliyinin Peşə Təhsili Mərkəzlərinə başçəkmə
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) fəaliyyətlərində əsas
məqsədlərdən biri ölkədə təkrar cinayətkarlığın azaldılmasıdır, eyni zamanda Mərkəz gəncləri cinayətə
sövq edən səbəblərin qarşısının alınmasını vacib hesab edir. Dövlət İmtahan Mərkəzinin (DİM) son 3 ilə
dair hesabatlarında yer alan statistik məlumatlara görə, Azərbaycanda 2007, 2008, 2009-cu illərdə 1-ci
sinfə daxil olmuş və son 3 ildə məktəb yaşını tamamlamış gənclərin 54%-i əmək bazarına heç bir peşə
və ixtisas sahibi olmadan çıxmışlar. Dövlət Məşğulluq Agentliyinin vəzifələrindən biri də məhz bu
gəncləri peşə sahibi edib, işə düzəltməkdir. Bunun üçün zəruri olan, Agentliyin kifayət qədər hüquq və
səlahiyyətlərinin də yer aldığı milli qanunvericilik bazası mövcuddur. “Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununda (maddə 10.2.2) dövlət hər bir şəxsə əmək hüququnun həyata
keçirilməsi üçün peşə hazırlığı təminatı verir. Qanunun 9-cu maddəsinə görə, məşğulluq sahəsində
şəxslərin hüquqlarından biri Agentlikdə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə
pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək
bazarına dair məlumat əldə etməkdir. Layihə çərçivəsində Agentliyin bu fəaliyyətində şəffaflıq vəziyyəti
öyrənildi.
VCU bu məqsədlə 01 iyun 2022-ci il tarixində Agentliyin Göyçay Peşə Hazırlığı Mərkəzi, 02
iyun 2022-ci il tarixində Gəncə Peşə Hazırlığı Mərkəzində başçəkmə həyata keçirdi. Başçəkmələr
zamanı ictimai təşkilat səlahiyyətləri çərçivəsində bir sıra zəruri məsələlər öyrənildi. Qeyd olunmalıdır
ki, başçəkmələr zamanı heç bir müəssisədə bir nəfər də olsa canlı müdavim müşahidə edilmədi.
14
Halbuki, iki müəssisədə ümumilikdə 300 nəfərə qədər təhsil alan qeydiyyatda idi.
Peşə hazırlığı ilə bağlı bir sıra vacib məqamlar:
Agentlikdə qeydiyyata alınmış işsiz şəxslər aşağıdakı hallarda qurumun göndərişi ilə peşə
hazırlığına cəlb olunurlar:
İşsiz şəxsin peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün
olmadıqda;
Şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.
İşsiz şəxslərin peşə hazırlığı dövlət hesabına, ödənişsiz həyata keçirilir.
Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlərə, peşəsi (ixtisası) olmayanlara üstünlük
verilir.
Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş
yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə
hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. Sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər:
Cəzaçəkmə Müəssisələrindən azad edilmiş şəxslər;
Əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;
20 yaşadək gənclər;
Yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər;
Pensiya yaşına iki ildən az qalmış şəxslər.
Agentliyin göndərişi ilə peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə minimum aylıq əmək haqqı
məbləğində (300 azn) aylıq təqaüd verilir. Yalnız işsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə
hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Agentliyin Peşə Hazırlığı Mərkəzləri 2-6 aylıq peşə kursları təşkil edir. Kurslar yalnız
işəgötürənlərin sifarişi və onların müdavimlərin 80%-nin işlə təmin olunacağına dair zəmanət
məktubu əsasında təşkil olunur.
Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində peşə hazırlığını təşkil edən 175 adda peşə və ixtisas
mövcuddur. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya qərarı ilə cari ilin
mart ayında təsdiq edilmişdir. Buna qədər peşə-ixtisas sahələrinin sayı 127 olmuşdur.
Regional Peşə Hazırlığı Mərkəzləri peşə kurslarına uzaq rayonlardan cəlb olunan müdavimləri
(qismən) üçün yataq yerləri ilə təmin edir.
Agentliyin rəsmi statistikasında görə cari ilin 5 ayı ərzində ölkə üzrə 1542 nəfər peşə kurslarına cəlb
edilmişdir, lakin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən keçmiş məhkumların
peşə hazırlığına cəlb olunma statistikası açıqlanmır.
15
Göyçay Peşə Hazırlığı Mərkəzi
01 iyun 2022-ci il tarixində Göyçay Peşə Hazırlığı Mərkəzinə başçəkmə (fotolar əlavə edilir)
həyata keçirildi. İlk olaraq müəssisənin direktoru ilə Əzizağa Atakişiyevlə görüş keçirildi, ölkəmizdə
peşə təhsilinə maraq, peşə kurslarının uğurları, çətinliklər, perspektivlər, müəssisənin planları və sair bu
kimi mövzularda söhbət, müzakirələr aparıldı. Müəssisəyə baxış zamanı müşahidələrimiz:
Göyçay Peşə Hazırlığı Mərkəzi 19 ətraf rayon sakinləri üçün peşə kursları təşkil edir və bunun üçün 17
nəfərlik heyətə malikdir.
Şərait: Mərkəzin binası xarici görünüşdən xoş təəssürat bağışlasa da, tədris prosesi üçün yararlı deyildir.
Mərkəz isitmə, soyutma sistemi ilə ümumiyyətlə təchiz edilməmişdir. Bir çox tədris və yataq
otaqlarında döşəmə yararsız vəziyyətdədir. Divarların boyaları təmirin yeni olmasına rəğmən
keyfiyyətini tam itirmişdir.
Tədris prosesi: Monitorinq gününə təhsil alanların statistikasının 114 nəfər olduğu (6 qrup) bildirildi.
Hazırda Mərkəz tərəfindən təqdim olunan 175 peşə- ixtisas növündən cəmi 6 ixtisas tədris edilirdi.
Mərkəzdə 14 tədris otağı mövcuddur. Monitorinq zamanı zəruri avadanlıqlarla təchiz edilmiş 4 tədris
otağı baxışa təqdim edildi. Lakin heç bir tədris otağında heç bir müdavimə rast gəlinmədi.
Mərkəzdə kənar rayonlardan olan müdavimlərin gecələməsi üçün 7 (2 nəfərlik) yataq otağı mövcuddur.
Otaqlar istifadə olunmurdu.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin peşə
hazırlıqlarına cəlb edilməsi zərurəti və mövcud kurslarda belə şəxslərin təhsil alıb-almaması barədə
məlumat yox idi.
Gəncə Peşə Hazırlığı Mərkəzi
02 iyun 2022-ci il tarixində Gəncə Peşə Hazırlığı Mərkəzinə başçəkmə (fotolar əlavə olunur)
həyata keçirildi. Müəssisə ilə tanışlıq direktor Ariz Ağayevlə görüşdən başlandı. Ariz Ağayev
müdavimlərə yaradılan şərait, işəgötürənlərdə aparılan fəaliyyət və sair bu kimi mövzularda məlumatlar
verdi. Müəssisəyə baxış zamanı müşahidələrimiz:
Gəncə Peşə Hazırlığı Mərkəzi 24 ətraf rayon sakinləri üçün peşə kursları təşkil edir və bunun üçün 17
nəfərlik heyətə malikdir.
Şərait: Mərkəz yüksək keyfiyyətlə təmir edilmiş 5 mərtəbəli binada yerləşmişdir. Baxış keçirilmiş tədris
otaqları, yataq otaqları, yeməkxana, asudə vaxtın təşkili yerləri və digər bütün sahələr müasir tələblərə
cavab verir. Tədris otaqları həmin sahələr üçün zəruri olan bütün avadanlıqlarla təmin edilmişdir.
Mərkəzin təmir və təchizatı Dünya Bankının dəstəyi ilə reallaşdırılmışdır.
Tədris prosesi: Monitorinq gününə təhsil alanların statistikasının 161 nəfər olduğu (12 qrup) bildirildi.
Hazırda Mərkəz tərəfindən təqdim olunan 175 peşə- ixtisas növündən cəmi 12 ixtisas tədris edilir.
Mərkəzdə zəruri avadanlıqlarla təchiz edilmiş 20 tədris otağı mövcuddur. Lakin heç bir tədris otağında
heç bir müdavimə rast gəlinmədi.
Mərkəzdə kənar rayonlardan olan müdavimlərin gecələməsi üçün 25 (2 nəfərlik) yataq otağı
mövcuddur. Otaqlar ümumiyyətlə istifadə olunmurdu.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin peşə
hazırlıqlarına cəlb edilməsi zərurəti və mövcud kurslarda belə şəxslərin təhsil alıb-almaması barədə
məlumat yox idi.
16
Təkliflər
Agentliyin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının artırılması, birgə layihələrin icra olunması
uğurların artmasına, qarşıya qoyulmuş məqsədlərə çatmağa səbəb olar;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Dövlət Məşğulluq
Agentliyinin işəgötürənlərin yaranmış vakansiya barədə Agentliyə məlumat vermə öhdəliklərinə
riayət etmə vəziyətinin yoxlanılması məqsədilə apardığı monitorinqlərdə iştirakı prosesin
şəffaflığına xidmət edərdi;
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunmasında səylərin
artırılması zəruridir. Bu, ölkədə təkrar cinayətkarlığın azaldılması üçün əsas şərtlərdən biridir;
İslah işlərinə məhkum edilmiş şəxslərin məşğuluğunun təmin olunmasına diqqət artırılmalıdır,
Ədliyyə Nazirliyi Probasiya Xidməti və Agentliyin bu istiqamətdə birgə işçi qrupunun
yaradılması məqsədəuyğun olardı;
Agentlik vətəndaşlarla məlumat mübadiləsi işinə bir də baxmalı, vətəndaşların informasiya əldə
etmək hüququnu tanımalıdır, VCU bununla bağlı Ombudsmana müraciət etmişdir;
Agentliyin fəaliyyətində peşə təhsilinə daha çox yer ayrılması, peşə təhsili mərkəzlərinin sayının
artırılması, mövcud peşə təhsili müəssisələrində iş şəraitinin yaxşılaşdırılması, mövcud
resursların effektivliyinin artırılması ölkədə işsizliyin azaldılması, cinayət və təkrar cinayətlərin
azalmasına müsbət təsir göstərə bilər;
“Online” peşə kurslarının tətbiqi keçmiş məhkumların sosial adaptasiyası üçün qeyri-effektiv
metod kimi hesab edilməlidir. Nəzərə alınmalıdır ki, məhkumlar əsasən yoxsul əhali
kateqoriyasına aid olan təbəqədir və “online” təhsil üçün bir çox hallarda lazımi texniki
imkanlara malik deyillər. Bir çox hallara isə keçmiş məhkumlar uzun müddətli həbsdən sonra
informasiya texnologiyalardan xəbərsiz olurlar.