Azərbaycanın maraqlarına cavab verən Bəyannamələr

Azərbaycanın maraqlarına cavab verən Bəyannamələr
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada 22 fevral 2022-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətə nəzər saldıqda görürük ki, müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən bir prosesdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının bildirmişdi. Deməli bu Bəyannamənin imzalanması gündəmə yeni çıxan məsələ deyil. Bundan qabaq Azərbaycanla Rusiya arasında 2008-ci ildə imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə 14 il ərzində iki ölkə arasındakı münasibətləri dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdırıb. İki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zəruri edirdi. Bu baxımdan, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək. Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada 2021-ci il iyun ayının 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Artıq sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Ümumiyyətlə Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Dünyanın böyük ölkələrindən olan və ən əsası ən yaxın qonşumuz olan Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. Hər İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Bəyannamə olduqca genişdir və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir.

    Azərbaycan və Rusiya arasında imzalanan bu sənəd ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyətə malikdir.

    Zəfər qələbəmizlə başa çatan II Qarabağ – Vətən müharibəsində də Rusiya qardaş Türkiyə ilə birlikdə önəmli yeri tuturdu. Bu müqavilədən gözləntimiz bölgədə əmin-amanlığın təminatını yaratmasıdır. Azərbaycanın bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə tərəfdaş, qarşılıqlı və strateji müttəfiqlik səviyyəsində əlaqələrini qurması bəzi qüvvələrdə qısqanclıq yaratsa da, ümumilikdə ölkəmizin və regionun təhlükəsizliyi baxımından önəmli əhəmiyyət kəsb edir.

    Kamal Təhməzov,
    Masallı rayon Xırmandalı kənd orta məktəbin direktoru.
    PAYLAŞ:

    Oxşar xəbərlər