Özünü Milli Məclisin deputatı Jalə Əliyevanın köməkçisi kimi təqdim edərək MİDA-dan ev almaq vədi ilə insanları aldadaraq dələduzluq edən 24 yaşlı Nərgiz Əliyevaya (şərti) ikinci dəfə hökm oxunub.
LEQAL.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü N.Əliyeva ötən ilin noyabr ayında elə dələduzluğa görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Məhkəmədə ifadə verən Nərgiz Əliyeva bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində oxuyan zaman qrup yoldaşı Fəridənin bacısı Aynur ona müəllimlərindən biri, Milli Məclisin deputatı Jalə Əliyeva haqqında danışıb: “Mənə deputatın nömrəsini də vermişdi. Deyirdi ki, Jalə xanım çox mehriban biridir və tələbələrə kömək edir. Mən də fikirləşdim ki, o, kömək etmək məqsədilə məni yanında işə götürər. Feysbukda özümə “Nazrinka A-va” adlı hesab açdım və iş yerimə “Milli Məclis” olaraq qeyd etdim. Bundan sonra tanışlar mənə yazdı və onlara Jalə Əliyevanın köməkçisi olduğumu dedim.
Yasamal rayonunda yerləşən MİDA-da özümə ev almaq istəyirdim. Orada işləyən bir nəfər mənə qanunsuz yolla mənzil almağın mümkün olduğunu dedi. Amma maddi vəziyyətim pis olduğu üçün daha maraqlanmadım. Sonra Fərhad adlı şəxsə ev almaq üçün kömək edəcəyimi deyib ondan 7200 manat pul istədim. Notariusda ondan 1000 manat beh aldım. İkinci görüşdə isə o, mənə 6100 manat verdi. Bundan sonra narahat olmamağı və evi alacağımızı dedim. Vaxt uzandıqda Fərhad məndən səbəbini soruşdu və müharibəni bəhanə gətirərək sistemin işləmədiyini bildirdim. Bir dəfə də anam telefonu götürərək mənim koronavirusdan öldüyümü dedi. Sonra həmin şəxs polisə şikayət etdi”.
Nərgiz Əliyeva 2020-ci ilin noyabrın 18-də Nərimanov rayon məhkəməsinin hökmü ilə dələduzluğa görə 2 il 6 ay həbs cəzası alıb və məhkəmə zalında qandallanıb. Sonradan Fərhadın da şikayəti barədə məlumat daxil olub.
O, məhkəmədə deputat Jalə Əliyevanı şəxsən tanımadığını, yalnız televizorda gördüyünü bildirib.
Məhkəmədə zərərçəkmiş qismində çıxış edən Fərhad Həsənov Nərgizi feysbuk vasitəsilə tanıdığını və ona ev almaq üçün müraciət etdiyini bildirib: “MİDA-nın səhifəsində şərh bölümünə hansı şərtlərlə ev ala biləcəyimi yazmışdım. “Nazrinka A-va” adlı hesab mənə bunun mümkün olacağını dedi. Daha sonra danışdıq və ona 7200 manat pul verdim.
Sonra o xanım mənə bir nömrə verib Jalə xanımın köməkçisi “Nurlana” olduğunu və onunla hər şeyi danışa biləcəyimi dedi. Onunla da danışdıq və sən demə Nərgiz mənə öz nömrəsini verib başqa adla danışırmış.
Pulu iki hissədə “Nazrinka A-va”ya notariusda verdim. O, məsələnin 10 gün içində həll olacağını dedi, amma belə olmadı. Nəticədə mən polisə müraciət etdim. Nərgiz mənə həmin pulun cəmi 1500 manatını qaytarıb”.
Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə Nərgiz Əliyevanın cəzaları birləşdirilərək yekun olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.