İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
  • Cəmiyyət

  • Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası  münasibətlərdə də daim öz müsbət təsirini göstərib. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var.Azərbaycan və qırğız xalqlarının dostluğu qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və qırğız xalqları arasındakı dostluq daimi və sarsılmaz olmuşdur. Bu iki dost və qardaş ölkə arasında diplomatik münasibətlər bu gün də uğurla davam etdirilməkdədir.Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarında qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
         
    Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir.
    Hazırda Azərbaycan və Qırğızıstan iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov demişdi: “Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.Qırğızıstan Prezidenti Sadır Japarov 2023-cü il noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezidenti Sadır Japarov arasında görüş keçirilib və sənədlər imzalanmışdır.
             
    Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açılacağı, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcəyini, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.
               
    Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

    Möhtərəm Prezidentimiz çıxışnda qeyd etmişdir ki ” Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir”.
           
    Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Günləri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətlər, dünyaşöhrətli məşhur yazıçı, qırğız xalqının və Türk dünyasının oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsi  və onun heykəlinin açılması onu təsdiq edir ki iki ölkə arasında dostluq və ikitərəfli əməkdaşlıq bundan sonrada inkişaf edir və  edəcəkdir.



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər