İki ölkə Almaniya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. Ötən əsrə nəzər salsaq 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
Elə indi də Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu gün bu iki dövlət arası ali səviyyəli dialoq mövcuddur. Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi.
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrdə iştirak etmişdir. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur. Prezident İlham Əliyev konfransda çıxışı zamanı bildirmişdi: "Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Umid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir. Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq".
Azərbaycanın hər gün daha yeni inkişafa addımlaması etibari ilə ölkəmizin daxili və xarici siyasətinin düzgün istiqamətlənmə yolunu nəzərə alaraq əminlikdə demək olar ki, keçiriləcək görüşlər, aparılacaq danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranır. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Məhz Azərbaycan Almaniya əlaqələr İlham Əliyevin düzgün siyasi xətt üzərində daha böyük inkişafa yüksələcəkdir.
Əntiqə Tağıyeva,
Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru