Azərbaycanın sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa öz dəyərli töhfəsini verib

Azərbaycanın sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa öz dəyərli töhfəsini verib
  • Cəmiyyət

  • Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olub.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir: "Təsadüfi deyil ki, Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılıb. Sədrlik dövründə Azərbaycan Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən “Bandunq Prinsipləri”nin təşviqinə köklənmiş siyasət sərgiləyib.

    Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada xüsusilə inkişaf etmiş ölkələrin “peyvənd millətçiliyi siyasəti” və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar".
    Qeyd olunub ki, sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb: "Hazırda Hərəkatın Qadın və Media Platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Sədrliyimiz dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb".

    Vurğulanıb ki, Azərbaycanın sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa da öz dəyərli töhfəsini verib: "Ötən 4 il ərzində Hərəkata üzv dövlətlərin əmək, səhiyyə, təhsil və informasiya və kommunikasiya sahəsinə cavabdeh nazirlərinin görüşləri keçirilib. Əksəriyyətini inkişaf etməkdə olan dövlətlərin təşkil etdiyi QH çərçivəsində dayanıqlı iqtisadi inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi üçün cari ilin sentyabr ayında, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 9 ildən sonra ilk dəfə Azərbaycan və Kubanın həmsədrliyi ilə Qoşulmama Hərəkatı və Qrup-77-nin Birgə Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

    Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.  Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək və ölkəmiz növbəti 3 il müddətində Hərəkatın “sədrlik troykası”nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək".



    Fatimə Həsənova,
    Masallı rayon Şərəfə kəndi kargüzar
    PAYLAŞ:

    Oxşar xəbərlər