Masallıda şəhid ailələri ilə növbəti görüş keçirilib

Masallıda şəhid ailələri ilə növbəti görüş keçirilib
  • ---

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır. Onların qayğıları ilə mütəmadi maraqlanılır, müraciətləri dinlənilir, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    02 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri ilə növbəti görüş keçirib.

    Görüşdə şəhid ailələrinin üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Giriş nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixidir. Birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və antiterror əməliyyatlarında qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları xalqımızın yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla anılacaq.

    Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev çıxış edərək bildirib ki, Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri mütəmadi ziyarət edilir, onların sosial problemlərinin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Şəhid ailələrinin üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının Masallı Mərkəzi Rayon Xəstəxanasında, eləcə də özəl tibb müəssisəsi olan Bioloji Təbabət Klinikasında tibbi müayinə və müalicədən keçirilməsi, dərman preparatları ilə təmin olunması daim diqqətdə saxlanılır. Zərurət yarandıqda onların digər tibb müəssisələrində müalicə almaları üçün göndərişlər operativ qaydada verilərək müvafiq tibb müəssisələrinə göndərilmələri təmin edilir.
    Qeyd olunub ki, əlamətdar günlərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər ziyarət olunur, onları narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla mütəmadi görüşlər keçirilir, qayğı və problemləri ilə maraqlanılır. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin üzvlərini növbədənkənar qəbul edir, onların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tədbirlərin görülməsini təmin edir. Eyni zamanda, şəhidlərin məzarları mütəmadi olaraq ziyarət olunur.

    Şəhidlərin adlarını daşıyan küçələrdə asfalt örtüyünün salınması və əsaslı təmir işləri davam etdirilir. Belə ki, bu günədək şəhidlərin adını daşıyan 99 küçəyə ümumilikdə 131 653 kvadratmetr asfalt örtüyü döşənib.
    Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə yeddi şəhid ailəsi üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Hazırda isə daha iki şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir.

    Görüş zamanı şəhid ailələrinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

    Şəhid ailələrini narahat edən əsas məsələlərdən biri mənzil təminatı ilə bağlıdır. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması məqsədilə yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Rayon rəhbərinin müraciəti əsasında aidiyyəti dövlət qurumu tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və yaxın gələcəkdə yaşayış binasının tikintisinə başlanılacağı bildirilmişlər.

    2026-cı ilin əvvəlindən hazırkı dövrədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə iştirakçılarına ümumilikdə 25938 manat məbləğində maddi yardım göstərilmişdir.

    Masallı şəhərində yaşayan şəhid anası Mirzəyeva Pərvin Zahir qızının yaşadığı evin sanitar qovşağının təmirinə 2600 manat vəsait xərclənmişdir. Xırmandalı kəndində şəhid Qasımov Rüstəm Qənimət oğlunun və Göyəçöl kəndində şəhid Hüseynov Bahaddin Süleyman oğlunun məzar daşı üçün ümumillikdə 1300 manat məbləğində vəsait xərclənmişdir.

    2026-cı ildə Rayon İcra Hakimiyyəti tərəfindən 5 şəhid ailəsi işlə təmin olunmuş, 8 şəhid ailəsinə tikinti materialları verilmiş, 20 şəhid ailəsi müəyyən şəxslərin (qohum, qonşu, tanış və.s) xahişinə əsasən müraciət etmişlər və kömək göstərilmişdir.

    Ehtiyacı olan şəhid ailələrinə dərman vasitələri alınaraq verilmişdir.

    Daha sonra tədbirdə Şəhid valideynlərindən Sarbala Babayev və Elmira Nağıyeva,çıxış etmişdir. Tədbirin sonunda şəhid ailələrinin müraciətləri dinlənilmiş və rayon rəhbəri tərəfindən həlli istiqamətində tapşırıqlar verilmişdir.

    Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər