AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savarla görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli bu gün Azərbaycan və Pakistan arasında bütün sahələrdə olduğu kimi elm istiqamətində də əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini deyib. AMEA rəhbəri hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, Mərkəzdə Pakistanla bağlı Azərbaycan, urdu və ingilis dillərində nəşrlər toplanır və bu resurslardan Pakistan üzrə tədqiqat aparan, məqalə və dissertasiya hazırlayan tədqiqatçılar istifadə edirlər.
Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Pakistanın akademik qurumları ilə birgə konfranslar, layihələr təşkil etdiyini, nəşrlər ərsəyə gətirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, son illərdə AMEA ilə Pakistan Ədəbiyyat Akademiyası, Lahor Kollec Universiteti və Müslim İnstitutunun əlaqələri genişlənib. Bildirib ki, Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın əsərləri urdu dilindən Azərbaycan dilinə tərcümə edilərək kitab şəklində nəşr olunub, həmçinin onun yaradıcılığına həsr edilmiş monoqrafiya hazırlanıb. Bu günlərdə isə Pakistan ədəbiyyatının klassiklərindən Sultan Bahunun əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini və yaxın günlərdə işıq üzü görəcəyini söyləyib.
AMEA prezidenti dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin Pakistan ictimaiyyətinə təqdim edilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu istiqamətdə AMEA ilə Lahor Kollec Universitetinin birgə layihəsi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş kitab urdu dilində Pakistanda nəşr edilərək Pəncab vilayətində təqdimatı keçirilib.
Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan alimləri ilə Pakistan tədqiqatçıları arasında akademik mübadilələrin həyata keçirildiyini, Lahor Kollec Universitetinin tədqiqatçılarının AMEA-da elmi araşdırmalar apardığını qeyd edib.
Görüşdə çıxış edən Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savar rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, universitetdə ingilis və urdu dilləri, həmçinin süni intellekt də daxil olmaqla müxtəlif istiqamətlər üzrə bakalavr, magistr və doktorantura proqramları həyata keçirilir.
Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib. Həmçinin universitetdə Azərbaycanla bağlı mərkəzin yaradılması təşəbbüsünü də irəli sürüb. Onun sözlərinə görə, belə bir mərkəzdə Azərbaycanla bağlı kitab və nəşrlərin toplanması ölkəmiz haqqında məlumatların Pakistan ictimaiyyətinə, tələbə və tədqiqatçılara çatdırılmasına və iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan verə bilər.
Görüşdə süni intellekt sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə süni intellekt istiqamətində aparılan araşdırmalar, müvafiq departament və tədqiqat mərkəzinin fəaliyyəti, eləcə də məlumat mərkəzinin imkanları barədə məlumat verib.
Akademik İsa Həbibbəyli AMEA-da da Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər mərkəzinin fəaliyyət göstərdiyini bildirib və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Taha Jamil Savar Pakistanın Şimal Universitetində hər il dil və ədəbiyyat, eləcə də süni intellekt istiqamətlərində beynəlxalq elmi konfransların keçirildiyini bildirib və Azərbaycan alimlərini həmin tədbirlərdə iştiraka dəvət edib.
Tərəflər gələcək elmi tədbirlər çərçivəsində qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılığa gəliblər.
Görüşün sonunda Azərbaycan Milli Elmlər Akademiyası ilə Pakistanın Şimal Universiteti arasında Anlaşma memorandumu imzalanıb.
Daha sonra qonağa hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.
Sonda Taha Jamil Savar AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin bazasındakı Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər mərkəzi ilə tanış olub.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.