Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın Kəlbəcər rayonu istiqamətində əl atılan növbəti təxribata münasibət bildirib.
LEQAL.AZ XİN-in Mətbuat xidməti idarəsinin bununla bağlı məlumatını təqdim edir.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci il 1 iyun tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısı alınıb.
Belə ki, 40-a yaxın şəxsi heyətlə Azərbaycan ərazisinə daxil olan erməni silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.
Ermənistan tərəfinin dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin bölgədə vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.
Bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edirik. Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.
Ermənistanı beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, sərhəd məsələsində gərginliyi əsassız şəkildə artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq”.