Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
LEQAL.AZ xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olundu.
Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunuldu, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışıldı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.