İran ilə Azərbaycan arasında ticarət dövriyyəsində artım var. Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir. Prezident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən söyləyib.
Azərbaycan Prezidenti deyib: “Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub.