“Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib”.
LEQAL.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“İlk öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”-deyə, XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik.
“Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası / demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.
Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır. Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”.