Aprelin 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri, “ASELSAN” və “HAVELSAN” şirkətlərinin rəhbər heyətini salamlayan Müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan
Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub.
General-polkovnik Z.Həsənov bu cür görüşlərin hərbi-texniki əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.
Vətən müharibəsində şəhid olanların yaxınları və əzizlərinə başsağlığı verən qonaqlar Azərbaycan əsgəri ilə qürur duyduqlarını və Azərbaycanın hərbi potensialının artırılması istiqamətində həyata keçiriləcək birgə fəaliyyətləri xüsusi qeyd ediblər.
Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.