“Şuşaya xarici dövlət rəhbərlərindən ilk olaraq Türkiyə prezidentinin səfər etməsi bizi sevindirir”

“Şuşaya xarici dövlət rəhbərlərindən ilk olaraq Türkiyə prezidentinin səfər etməsi bizi sevindirir”
  • Siyasət

  • Məşhur Məmmədov: “Bu səfər bütün dünyanın diqqətini Azərbaycanın işğaldan azad edilən ərazilərdə gördüyü işlərə cəlb edəcək”

    Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramından sonra Şuşaya səfər etmək niyyətində olduqlarını bildirib.

    LEQAL.AZ moderator.az-a istinadla xəbər verir ki, məlum səfər və onun əhəmiyyətinə diqqət çəkən millət vəkili Məşhur Məmmədov, bu səfərin bütün xalqın sevincinə səbəb olacağını qeyd edib:

     “Cənab prezidentimiz dəfələrlə, o cümlədən son çıxışlarında da Türkiyə xalqına, bu dövlətin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Sadəcə, 44 günlük Vətən müharibəsində deyil, Qarabağın işğal altında qaldığı bütün dönəmlərdə Türkiyə Azərbaycanın yanında olub, onun haqq işinə dəstək verib. Türkiyə bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. 44 günlük müharibə zamanı da biz “Bir millət iki dövlət” olmağımıza – bu böyük həqiqətə bir daha şahid olduq. Türkiyə həm mənəvi, həm də diplomatik baxımdan Azərbaycana açıq və ardıcıl dəstək verdi. Bu məsələdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə verdiyi dəstəyi, bu dəstəyin önəmini sözlə ifadə etmək mümkün deyil.

     Azərbaycanın mədəni-mənəvi paytaxtı olan Şuşaya xarici dövlət rəhbərlərindən ilk olaraq Türkiyə prezidentinin səfər etməsi bizi sevindirir. Bu səfər Azərbaycanın Şuşada və işğaldan azad edilən digər ərazilərdə gördüyü quruculuq işlərinin, həyata keçirdiyi və keçirəcəyi layihələrin dünyaya çatdırılmasına da öz töhfəsini verəcək. Bu, Azərbaycan-Türkiyə əməkdaşlığını genişləndirməklə yanaşı, digər türk dövlətlərinin də Qarabağa daha çox diqqət ayırmasına səbəb olacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər