Ötən gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prossesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşüb.
Xarici İşlər Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığı və bunun artıq öz əhəmiyyətli nəticəsini verdiyini qeyd edən Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Muxtar Tleuberdı hər iki ölkə prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Nazir Muxtar Tleuberdı iqtisadi sahədə əlaqələrin inkişafına toxunaraq, Qazaxıstan ilə Azərbaycan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iqtisadi əlaqələrin bütün sahələrini əhatə etdiyi vurğulayıb.
Nazirlər gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüş zamanı Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlərlə bağlı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.