Uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən həssas məsələlərdən biridir. Ermənistanın hərbi əməliyyatlarda azyaşlılardan istifadə etməsi bu ölkənin beynəlxalq hüququn prinsiplərini və ən əsası özünün beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara cəlb olunması ilk növbədə Cenevrə Konvensiyasının müvafiq bəndlərinin, eyni zamanda BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin kobud şəkildə pozulması deməkdir. Adıçəkilən Konvensiyada iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırılır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsi qadağan edilir.
Bu fikirləri LEQAL.AZ-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
“Mən və digər həmkarlarım AŞPA-nın Sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komitəsinin üzvü kimi mütəmadi olaraq uşaqların hüquqlarının qorunması ilə bağlı müzakirələrdə və dinləmələrdə iştirak edirik. Mən dəfələrlə həmin toplantılarda uşaqların düzgün müdafiəsi və cinayətkarların bütün yurisdiksiyalarda mühakimə olunmalarını təmin etmək üçün Avropa daxilində əməkdaşlığı gücləndirməyin vacibliyini diqqətə çatdırmışam. Müzakirələrdə səslənən fikirlərdən də aydın görünür ki, uşaq hüquqlarının qorunması aidiyyətı qurumların ən ali məqsədədir. Lakin biz Dağlıq Qarabağ münaqişəsi zamanı hüquqları pozulan azərbaycanlı uşaqların müdafiəsində aidiyyətı qurumlar tərəfindən laqeydlik görürük. Bu selektiv yanaşma yolverilməzdir”,-deyə Milli Məclisin deputatı bildirib.
Azərbaycanın insan hüquqları sahəsində hər zaman qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyini söyləyən Könül Nurullayeva deyib ki, əslində, beynəlxalq təşkilatlar uşaqların hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməlidir. Ermənistan istər hərbi əməliyyatlarda, istərsə də atəşkəs dövründə uşaqların qatili rolunda çıxış edir: “Təsadüfi deyil ki, atəşkəs dövründə 40-dan çox azərbaycanlı uşaq məhz erməni snayperi ilə öldürülüb. Eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 mindən çoxunu uşaqlar təşkil edir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində öldürülən 65 mülki şəxsdən 10-u azyaşlı uşaqdır. 300 nəfər yaralı arasında uşaqlar da var. Təəssüflər olsun ki, Ermənistan bu gün də müharibə cinayətlərini davam etdirir və yenə də hədəfdə azyaşlı uşaqlar da daxil olmaqla mülki insanlardır. Baş verənlər beynəlxalq ictimaiyyəti ciddi narahat etməli və Ermənistan beynəlxalq hüququ pozduğu üçün məsuliyyətə cəlb olunmalıdır”.