Sözünə, amalına sədaqətli insan

Sözünə, amalına sədaqətli insan
  • Cəmiyyət

  • Ağahüseyn Şükürov- 60

    Həyatın acısını, şirinini dadmış, sadə və səmimi insan, sevimlimiz, yüksək mədəniyyəti, insanpərvərliyi, nəcibliyi və qayğıkeşliyi ilə kollektivin hörmət və rəğbətini qazanmış Ağahüseyn Şükürovun 60 yaşı tamam olur.

    60 il yaşanmış şərəfli ömür yolu yalnızca zaman kəsiyində bir rəqəm deyil, bir həyat yolunun bütöv hekayəsidir. Bu ömür yolu, həmçinin çətinliklərə qarşı mübarizə, əzm və iradə ilə dolu bir tarix, gələcəyə yönələn bir işıqdır. 

    Həyatını elmə həsr etmiş, gözü, könlü tox mənəviyyat adamı, əxlaqlı və xoş niyyətli insan Ağahüseyn müəllim bu gün ömrünün ən məhsuldar çağına, həyatının 60-cı baharına qədəm qoyur. 

    Ağahüseyn Məmmədhüseyn oğlu Şükürov 1964-cü il dekabrın 21-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. Orta təhsilini Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində alıb, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul olub.

    O, əmək fəaliyyətinə 1988-ci ildə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, daha sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbu orqanı olan "Elm" qəzetinə müxbir kimi qəbul edilib, 2007-ci ilədək bu qəzetdə məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. 2001–2007-ci illərdə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində korrektor, 2007–2010-cu illərdə məsul katibin müavini, 2013–2014-cü illərdə yenidən "Elm" qəzetində müxbir, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri, 2014–2019-cu illərdə AMEA Rəyasət Heyətinin elmi katibi olub.

    O, 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Akademiyada həyata keçirilən tədbirlər, institut və təşkilatların fəaliyyəti, eləcə də alim və mütəxəssislərin əldə etdikləri elmi nailiyyətlərin təbliği ilə məşğul olan Ağahüseyn Şükürov həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının korrektoru kimi fəaliyyət göstərir.

    Yubilyar 50-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Müxtəlif elmi, elmi-kütləvi və bədii əsərlərin redaktoru, tərtibçisi, elmi redaktoru, bədii redaktoru, korrektoru olub. O, çoxşaxəli fəaliyyətinə görə bir sıra təltif və mükafatlara layiq görülüb. 

    Ağahüseyn Şükürov "Əli Tudənin yaradıcılıq yolu" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda "Azərbaycan-qazax ədəbi əlaqələri" mövzusunda elmlər doktorluğu dissertasiyası üzrə tədqiqat işi aparır. Alim Çin, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya, İran, Belarus, Qırğızıstan, Bolqarıstan, Özbəkistan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil edib.

    Ağahüseyn müəllimi elmi ictimaiyyət sədaqətli, bacarıqlı, ziyalı bir şəxsiyyət kimi tanıyır. Bizlər, yəni İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin əməkdaşları isə onun həm də ədalətli, qayğıkeş və səmimi rəhbər olduğunun şahidiyik. Ağahüseyn müəllim yüksək idarəçilik qabiliyyətinə malik olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahibdir.
    Onun liderlik qabiliyyəti, kollektivlə işləmək bacarığı, ən əsası sadəliyi insanlar tərəfindən böyük rəğbətlə qarşılandığı kimi, işin keyfiyyətinə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz müsbət təsirini göstərib.

    Hörmətli Ağahüseyn müəllim, doğum gününüz mübarək! Arzum budur ki, bu yubiley iliniz həyatınızın ən mənalı və xoşbəxt illərindən olsun. Canınız daim sağlam, yazıb-yaratmaq eşqiniz tükənməz olsun. Qarşıdan gələn aylar, illər sahib olduğunuz yaradıcılıq eşqini, elmə olan həvəsinizi, nailiyyətlərinizi yalnız qat-qat artırsın və bütün bunlar ömrünüzə ömür qatsın!




    Nərgiz Qəhrəmanova,
    AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
    PAYLAŞ:

    Oxşar xəbərlər