Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Könüllülər ili” çərçivəsində dekabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov XİN-in nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri ilə videokonfrans formatında görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə xarici işlər naziri Ceyhun Bayramov dövlətimizin başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının önəmindən bəhs edib. 2020-ci ilin Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsinin ölkədə Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğu, artıq ölkəmizdə könüllülük fəaliyyətinin sistematik xarakter daşıdığı diqqətə çatdırılıb.
Nazir Azərbaycan könüllülərinin pandemiya dövründəki təqdirəlayiq fəaliyyətindən bəhs edib, bu müddət ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərin həmrəyliyini və birgə əməkdaşlığını məmnunluqla vurğulayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis edilməsinin ölkəmizdə könüllülər hərəkatında mühüm addımlardan biri olduğunu söyləyib.
Ceyhun Bayramov 2020-ci ildə Azərbaycan üçün ən əlamətdar hadisə olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbəsindən bəhs edib. Nazir Azərbaycanın cəbhədə olduğu kimi, siyasi müstəvidə də qazandığı uğurlardan danışıb. Vətən müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyini, dövlətimizin başçısının qeyd etdiyi kimi, “dəmir yumruq” kimi birləşdiyini xüsusi vurğulayıb. Ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtirama yad edilib və qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaları arzulanıb.
Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını almaq məqsədilə aparılan təqdirəlayiq informasiya müharibəsindən danışan nazir bu işdə gənclərin də fəal iştirakını qeyd edib, onların bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Diplomatiya Könüllülərinin il ərzində fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri onlara gələcək işləri ilə bağlı tövsiyələrini verib.
Sual-cavab sessiyası ilə davam edən görüşün yekununda nazir könüllüləri şanlı Qələbəmiz, “Könüllülər ili”, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.