Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, Zəfər təbrikləri çatdırılır.
LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Özbəkistanın Cizak şəhərində yaşayan Günel Əliyeva yazır: “Hörmətli cənab Prezident, Özbəkistanda yaşayan azərbaycanlılar adından Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Erməni təcavüzü nəticəsində şəhid olan bir neçə qohumumuz var. Onların ruhu bu gün şaddır. Vətən yolunda şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Uca Tanrı Sizi və xalqımızı qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Almaniyanın Frankfurt şəhərində yaşayan Ernad Deni Çomaqa: “Hörmətli cənab Prezident, Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm. Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla eyni çətinlikləri yaşayıb. Biz də yalnız müsəlman olduğumuz üçün təcavüz, zülm və soyqırımına məruz qalmışıq. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək. Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik”.
Gəncədən Gülnar Salahova: “Çox hörmətli liderimiz, əvvəla Sizi əldə etdiyiniz Qələbə münasibətilə ailəmiz adından ürəkdən təbrik edirik. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq xalqımızın xilaskarı oldunuz. Allah hər zaman yolunuzu açıq etsin! Cənab Prezident, bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Əminik ki, geri qaytarılmış torpaqlarımızda Sizin sayənizdə azad yaşayacağıq. Evimizin ağsaqqalı ilə birlikdə biz Sizin hər bir çıxışınızı diqqətlə izləyir və verdiyiniz Qələbə xəbərlərini sevinc göz yaşları ilə qarşılayırıq. Cənab Prezident, Sizə olan inamımız, güvənimiz sonsuzdur. Vətənimiz uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyərək, Vətən sağ olsun deyirik! Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!”.
Naxçıvandan Məmməd Məmmədov: “Qəhrəman Prezidentimiz, Qarabağ torpaqlarının düşməndən alınması münasibətilə bütün naxçıvanlılar adından və ailəm adından Sizi təbrik edirik. Allah Sizi, Ordumuzu və Qarabağımızı və bütün xalqımızı qorusun. Naxçıvanlılar Sizinlə fəxr edir. Qarabağ Azərbaycandır!”.
Şirvan sakini Lyudmila Qribova: “Hörmətli cənab Prezident, biz Qələbəyə ürəkdən inanırdıq və o gün gəldi! Qələbə! Sonsuz sevinc və göz yaşları bir-birinə qarışdı. Ümummilli liderimiz Heydər Əliyevin layiqli oğlunun - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında bizim şanlı Ordumuz çoxdan həsrət qaldığımız Qarabağ torpaqlarını özümüzə qaytardı. Qəlbimiz sevinc və qürurla doludur ki, xalqımız yenilməzdir! Mən Şirvan şəhərində doğulub boya-başa çatmışam, hazırda 13 nömrəli orta məktəbin müəllimiyəm. Ailəm də artıq 6-cı nəsildir ki, bu bərəkətli torpaqlarda yaşayıb, yaşayır və yaşayacaq. Bizim başqa Vətənimiz yoxdur! Çünki bu Vətən mənə pulsuz təhsil verib, yaxşı tərbiyə verib, iş verib. Mən şəhər partiya komitəsində də işləmişəm, məktəb direktoru da olmuşam və heç kəs mənə deməyib ki, “sən russan”. Altı nəsil az deyil. Hər zaman sevincdə də, kədərdə də öz xalqımızla birlikdə olmuşuq və nə qədər ki, ürəklərimiz döyünür - belə də olacaq! Respublikamızın ən çətin günlərində - 1993-1997-ci illərdə mənim neftçi-mühəndis və ehtiyatda olan zabit həyat yoldaşım Silahlı Qüvvələrdə xidmətə çağırılıb, kapitan rütbəsində şərəflə öz torpaqlarını qoruyub. Mənim övladlarım və nəvəm burada böyüyüb, Azərbaycan Respublikasının layiqli vətəndaşları olaraq yetişmişlər. Hörmətli Prezidentimiz, Sizə, ailənizə xoşbəxtlik, bütün xalqımıza səmimi-qəlbdən rifah arzulayıram. Yaşasın Azərbaycan!”.
Ağdam sakini Vüsalə Bağırova: “Hörmətli cənab Prezident, Sizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni dəstəkləyirik. Çünki Siz bu mübarizə ilə tarix yazırsınız. Ən yeni tarix, o tarix ki, Azərbaycan əbədi bir dövlət olduğunu sübut edir. Biz Sizin siyasətinizi ailəliklə alqışlayırıq. Qarabağ Azərbaycandır”.
Masallıdan Pərvanə Məmmədova: “Cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını erməni vandallar üzərində qazanılmış bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm və əmin-amanlıq arzulayıram. Sağ olsun, mənim rəhbərim. Uca Allahdan bu müqəddəs yolda canlarından keçən qəhrəman Azərbaycan övladlarına rəhmət, yaralılarımıza şəfa diləyirəm. Yaşasın Azərbaycan!”.