Kremlə yaxın ANNA News xəbər agentliyi Türkiyə ilə bağlı diqqətçəkən təhlil yayımlayıb.
Leqal.az türk mətbuatına istinadla xəbər verir ki, məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin maraqlarını açıq şəkildə bəyan etməkdən çəkinmədiyi bildirilib.
Məqalədə Türkiyə liderinin böyük hədəflərindən bəhs olunub:
“Türklər Mərmərə və Egey dənizlərinin bir hissəsinə nəzarət etmək üçün nəzərdə tutulmuş 35 optoelektron qüllədən ilk 13-nü tikiblər. Onlar tezliklə fəaliyyətə başlayacaq və Ankaraya Yunanıstan sahillərini vizual müşahidə etməyə imkan verəcək. Yeniçərilərin nəvələri bu layihə çərçivəsində ümumilikdə Qara dəniz də daxil olmaqla, 8484 km uzunluğunda nəhəng dəniz sərhədini bağlamağı planlaşdırır. Bu o deməkdir ki, Türkiyə Cümhuriyyəti “Mavi Vətən Doktrinası”nı həyata keçirməyə başlayıb.
Ərdoğanın hakimiyyətə gəlişi ilə Türkiyə öz maraqlarını açıq şəkildə bəyan etməkdən çəkinmir. Onlar “Mavi Vətən” çərçivəsində 462 min kvadrat kilometr dəniz səthinə nəzarət etmək istəyirlər. Ərdoğanın özü də bildirib ki, Türkiyə hakimiyyətinin müəyyən etdiyi kontinental şelf və su sahəsi dövlət üçün onun torpağı qədər vacibdir.
Hazırda Türkiyənin dəniz sərhədləri Soçidən təxminən 150 km uzaqlıqdadır. Türklər, Tanrı qorusun, öz optoelektron qüllələrini tiksələr, texniki cəhətdən hətta Prezident Putinin Soçidəki yay iqamətgahı Boçarov Ruçeni də müşahidə edə biləcəklər”.
Agentlik qeyd edib ki, Ərdoğanın mövcud hədəfləri nəzərə alındıqda Rusiya-Türkiyə münasibətlərinin gələcəkdə necə inkişaf edəcəyi məlum deyil:
“Ekspertlərimizin fikrincə, Türkiyə Qara dənizdə Rusiyaya meydan oxumaq üçün kifayət qədər sualtı və yerüstü gücə malikdir. Hazırda 27.5 min tonluq universal “Anadolu” amfibiya hücum gəmisi tikilir. Bu, “F-35”lər üçün nəzərdə tutulmuş kiçik təyyarə gəmisi də adlandırılır. Amma Türkiyənin Amerikanın təyyarə proqramından çıxması ilə əlaqədar yerli komandanlıq onu çox sayda hücum dronları və döyüş helikopterləri daşıyıcısına çevirmək qərarına gəlib. Bundan əlavə, türklər Türkiyə Hərbi Dəniz Qüvvələrini düşmənin aviasiya hücumlarından və gəmi əleyhinə raketlərdən qorumaq üçün “TF-2000” tipli zenit esminesləri hazırlayır”.Teleqraf