Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.
LEQAL.AZ-a daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.
Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.
Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.
Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir".