Yoxdur
Aylar ötür, il dolanır,
Yaşımdan xəbərim yoxdur.
Saqqalım-bığım ağarıb,
Başımdan xəbərim yoxdur.
Dünyanın işi dolaşıq,
Dərdə-kədərə yoldaşıq.
Gözüm könlümə yaraşıq,
Qaşımdan xəbərim yoxdur.
Qocalıram, yaşlaşıram,
Öz-özümlə savaşıram.
Bilərəkdən daş atıram,
Huşumdan xəbərim yoxdur.
Fərman sevməz yamanlığı,
Uca tutub insanlığı.
Fələyin qəfil atdığı
Daşından xəbərim yoxdur.
Bayatılar
Bacoğlu Məxi üçün
Əzizim, canım getdi,
Pətəyimdən arım getdi.
İçin-için sızlayıram,
Şirin-şəkər balım getdi.
Əzizinəm, dil ağlayır,
Qardaş-bacı, el ağlayır.
Sənin qəfil ölümünə
Qara sazda tel ağlayır.
Əzizinəm, günəşiydin,
ŞƏfəq saçan günəş idin.
Sazın-sözün sınağında
Aşıqlarla deyişərdin.
Bu dünya aman deyil,
“Atan deyil, anan deyil”.
O bizlərdən can istəyir,
Dərdə-sərə yanan deyil.
Ay Fərman, ağlama hədər,
Kömək olmur qüssə-kədər.
Çalın-çarpaz dağ çəkdirib,
Sinəmizə gör nə qədər.
Dağların
Məmməd İlqara
Dağlardan çox yazdın, ay Məmməd İlqar,
Məni də ağlatdı dərdi dağların.
Oxudum şeirini mən indi bildim,
Hər qarış torpağı dərddi dağların.
Vaxt vardı qoynunda el dincələrdi,
Qzməsək gülündən gül inciyərdi.
İndi at oynadan dilənçilərdi,
Nədəndir, oyanmır mərdi dağların.
Boylanır yollara bəlkə el gələr,
“Dübeyti” üstündə dağlar dil deyər.
Zirvədə, yamacda açılan güllər
Xalıdan süfrəsin sərdi dağların.
İncədən siz gəlin, Saloğludan biz,
Yaradaq dalğalı bir coşqun dəniz.
Ağlayır, sızlayır cığır-izimiz,
Hanı “Tərəkəmə” kəndi dağların.
Dağların vəsfini zirvədən yazaq,
Murovu oxşayaq, Kəpəzdən yazaq.
Eloğlu, biraz da İncədən yazaq,
Var belə istəyi, şərti dağların.
Dünya
Baş aça bilmədim heç kələyindən,
Sola-sağa baxdım, tələsən, dünya.
Utanan deyilsən bəd əməlindən,
Çiynimizdə yüksən, şələsən, dünya.
Baxıram, yaltaqlıq can alıb gedir,
Üstəlik paxıllıq yan alıb gedir.
Canda qaysaqları qanadıb gedir,
Qansoran, qaniçən zəlisən, dünya.
Ötən xatirələr qaranlıq qaldı,
Sevinci, gülüşü bir anlıq qaldı.
Nə qədər arzular yarımçıq qaldı,
Küllü-kainata bəllisən, dünya.
Ay Fərman, gileyin heç yeri yoxdur,
Həyat bulanıqdır, dürr yeri yoxdur.
Min il yaşasan da bar-bəhrin yoxdur,
Sən insan gözündə əlilsən, dünya.
Gələcəm, anam, gələcəm
Tənhalıqdan yoruldunmu?
Gələcəm, anam, gələcəm.
Həsrətimdən qovruldunmu?-
Gələcəm, anam, gələcəm.
Qüssə-kədər, qəm eləmə,
Qara gözü nəm eləmə.
Sevincini kəm eləmə,
Gələcəm, anam, gələcəm.
Ömrü-günü vermə yelə,
Qayğı göstər, diqqət elə.
Görüşünə gülə-gülə
Gələcəm, anam, gələcəm.
El-obamla öyünməyə,
Dost-qohumla şənlənməyə.
Sevincinə sevinməyə
Gələcəm, anam, gələcəm.
Soy-kökümdə düz olmağa,
Ocağında köz olmağa.
Yurd-yuvama göz olmağa
Gələcəm, anam, gələcəm.
Günəş hələ boylanmamış,
Qoyun-quzu haylanmamış,
Sən yuxudan oyanmamış
Gələcəm, anam, gələcəm.
İncələşirəm
Mən şair deyiləm, ağ kağızlara
Özümdən xəbərsiz sətirləşirəm.
Duyuram ömrümün ağrı-acısın,
Özüm öz dərdimə hənirləşirəm.
Yaxşıdan yamanı ayırmaq çətin,
Min cürə rəngi var hər bir sifətin.
Allaha inamın, doğru məsləkin
Önündə gedirəm, mətinləşirəm.
Can deyərəm qohumlara, dostlara,
Bir-birindən əhval tuta, hal sora.
İbrahim İlyaslı, Məmməd İlqara
Şeirin qüdrətindən mehirləşirəm.
Fərman bağlı olub haqqın pirinə,
Arxayındır öz ağlına, sərinə.
Düşüb sazın-sözün sirli sehrinə,
Dəyərli oluram, İncələşirəm.
Var
Həyata ötəri baxma, eloğlu,
Həyatın dəyişən zamanları var.
Qara-ağ günü var yaşanan ömrün,
Taleyə güvənmə, bəd anları var.
Çalış hər addımda ehtiyatlı ol,
Xeyirxah işlərə yelqanadlı ol.
Vətənə bağlı ol, elə bağlı ol,
Desinlər nə gözəl amalları var.
El arxadır, köməyidir insanın,
Gərəyi ol sənə candan yanananın.
Yaltaqlanıb dili topuq çalanın
Bilin ki, haqdan çox yalanları var.
Qol-qanaddır saf halallıq Fərmana,
Əbədidir bu ucalıq Fərmana.
Haqdan gəlib bu qocalıq Fərmana,
Çün onun səliqə-səhmanları var.
Gənclərə tövsiyyə
Həyatı dərindən düşünən kəsin
Amalı düz olar, sözləri kəskin.
Müxənnətin, həm namərdin, nakəsin
Əskik olmaz ömrü boyu xatası.
Həyatın yolları olsa da çətin,
Halallıq arayın, halallıq əkin.
Elə bağlı olun, dayanın mətin,
Kömək olsun elin xeyir-duası.
Haqdan gələn səda könlü şad eylər,
İnsan olan Allahını yad eylər.
Ata əzab çəkər, ana dad eylər,
Kəmfürsət olanda doğma balası.
Yaradanı siz qoruyun, siz sevin,
Ağsaqqala, ağbirçəyə gülməyin.
Məsləhətdir nəsihəti deməyim,
Bax onlardır sizə candan yanası.
Fərmanam, hər canda dözüm gərəkdir,
Doğru məsləhətə lüzum gərəkdir.
Yurdda od ocağın, közün gərəkdir,
Budur həyat, budur yaşam, qadası.
Gedir
Baxdım ötən günə, ürək uçundu,
Gördüm ki, gəncliyim əlimdən gedir.
Zamanı, nə vaxtı saxlamaq olmur,
Həftə, ay ömrümdən, ilimdən gedir.
Bilmirəm, vaxt-zaman hara tələsir,
Vaxt-zaman önündə olmuşam yesir.
Yadıma düşdükcə bədənim əsir,
Ağlım da, huşum da sərimdən gedir.
Günəşli səhər var, qaranlıq gecə,
Ay Fərman, bu ömrü yaşadın necə?
Yaxşı düşündükcə, yaxşı gördükcə,
Nə ağrım-acım var bətnimdən gedir