Masallı şəhər Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyətinin inkişafına uzun illər ləyaqətlə xidmət etmiş, bölgənin ictimai-mədəni həyatında silinməz iz qoymuş Əməkdar mədəniyyət işçisi Lətifə Əjdər qızı Mövsümovanın 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, tanınmış ziyalılar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir yubilyarın zəngin və fədakar ömür yolundan bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Geniş tamaşaçı auditoriyasına təqdim olunan videoçarxda Lətifə xanımın mədəniyyətimizin tərəqqisi naminə göstərdiyi çoxşaxəli fəaliyyət, rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi uğurlu layihələr və onun şərəfli həyat salnaməsi arxiv kadrları vasitəsilə xronoloji ardıcıllıqla diqqətə çatdırılıb. Ekran əsəri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Daha sonra yubiley tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lətifə xanım Mövsümovanın mədəniyyətin, maarifçiliyin, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətindəki çoxtərəfli fəaliyyətindən bəhs edib. Natiq qeyd edib ki, ömrünü bu şərəfli sahəyə həsr edən yubilyarın keçdiyi 75 illik yol zəhmətlə yoğrulmuş, xalqa və dövlətə sadiqliklə ucalmış bir fədakarlıq nümunəsidir.
Bildirilib ki, Lətifə xanım uzun illər mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışaraq regionun mədəni həyatının zənginləşməsində, gənc nəslin estetik və mənəvi tərbiyəsində, həmçinin tarixi-mədəni abidələrin qorunmasında mühüm layihələrə imza atmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarın insani keyfiyyətlərindən, müasir Azərbaycan qadın ziyalısının parlaq bir nümayəndəsi olmasından söz açıblar. Vurğulanıb ki, Lətifə xanım özünü təkcə bacarıqlı rəhbər kimi deyil, həm də bütün mədəniyyət işçilərinin qayğıkeş dostu və hamisi kimi tanıtmışdır.
Tədbirdə Lətifə Mövsümovanın gərgin əməyinin və peşəkarlığının dövlətimiz tərəfindən hər zaman ən ali seviyyədə qiymətləndirildiyi diqqətə çatdırılıb. Onun səmərəli fəaliyyəti müxtəlif illərdə dövlət təltifləri ilə taclandırılmışdır. Yubilyar uzun illər göstərdiyi nailiyyətlərə görə 1986-cı ildə “Şərəf nişanı” ordeni, 2008-ci ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı, 2018-ci ildə "Tərəqqi" medalı və dövlətçilik qarşısındakı xidmətlərinə görə 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı”, eləcə də müxtəlif illərdə çoxsaylı Fəxri Fərmanlarla təltif olunmuşdur.
Rəsmi hissənin sonunda çıxış edənlər bölgənin qürur mənbəyi və mədəniyyət tariximizin canlı yaddaşı olan Lətifə xanımı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.
Yubiley tədbiri yerli incəsənət ustalarının və musiqi kollektivlərinin ifasında nümayiş etdirilən rəngarəng konsert proqramı ilə yekunlaşıb.







