Yanvarın 22-də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktorunun müavini, baş direktor v.m.i.e., fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Məmmədzadə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Bayramov, ölkənin görkəmli alim və ziyalıları, institut direktorları, dövlət və özəl nəşriyyatların nümayəndələri, nəşriyyatın sabiq direktorlarının ailə üzvləri, keçmiş və hazırkı əməkdaşlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qonaqlar müxtəlif illərdə müəssisədə işıq üzü görən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iştirakçıları salamlayıb, “Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edib. Akademik İsa Həbibbəyli bildirib ki, 2025-ci ildə həm də Azərbaycan Milli Elmlər Akademiyasının 80 ili tamam olub. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın yubiley tədbirində iştirakı və parlaq nitqi Akademiyaya verdiyi dəyərin göstəricisidir: “Biz cənab Prezidentin nitqində səsləndirdiyi mühüm fikirlər ətrafında həm Rəyasət Heyətində, həm də müvafiq institutlarda geniş müzakirələr aparmış, tədqiqatlar müəyyənləşdirmişik və onları həyata keçiririk. Hesab edirik ki, AMEA-nın 80 illik yubileyi onun institutlarının, geniş mənada Azərbaycan elminin yeni inkişaf mərhələsinin yol xəritəsini təqdim edir. Bunun üçün biz ölkə Prezidentinə bir daha minnətdarlığımızı bildiririk, onu əmin edirik ki, bu yolda fəaliyyətimizi davam etdirərək Akademiyanı yeni inkişaf mərhələsinə çatdırmağa çalışacağıq”.
AMEA rəhbəri bir çox qurumların Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti dövründə yarandığını, sonralar Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətini davam etdirdiyini söyləyib. Vurğulayıb ki, bir müddət əvvəl Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi keçirilib, bu gün isə “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunur. Natiq bildirib ki, AMEA Rəyasət Heyəti 22 yanvar 2025-ci il tarixli “AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında” və 10 fevral 2025-ci il tarixli “AMEA “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı haqqında” qərarlar qəbul edib.
AMEA rəhbəri xatırladıb ki, nəşriyyat 1925-1932-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1932-1935-ci illərdə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının, 1945-ci ildən isə Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. Akademik İsa Həbibbəyli bu illərdə müəssisəyə Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi bir sıra görkəmli şəxsiyyətlərin rəhbərlik etdiyini deyib.
Akademik İsa Həbibbəyli müstəqillik dövründə Akademiyada nəşriyyat sahəsinin yeni tipli – nəşriyyat-poliqrafiya sisteminin inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Akademiyada nəşriyyat və mətbəə ayrı-ayrı strukturlar kimi fəaliyyət göstərmiş, müstəqillik illərində isə bu iki sahə vahid ad altında birləşdirilmişdir. Həmçinin dövrün görkəmli alimlərindən ibarət Redaksiya-nəşriyyat şurası da formalaşdırılıb. Bu prosesdə nəşriyyatın mərhum direktorlarından filologiya elmləri doktoru, professor Şirindil Alışanovun əməyi yüksək olmuşdur”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də fəaliyyətini uğurla davam etdirir. Nəşriyyat işinin daha da səmərəli olması üçün mühüm işlər görülüb, bu məqsədlə müəssisənin maddi texniki bazası gücləndirilib. O, son illərdə mətbəəyə müasir çap, kəsim, kitab cildləyən maşınlar, kompüterlər və digər lazımi avadanlıqların alındığını, redaksiya üçün əlavə iş otaqlarının ayrıldığını da bildirib. Qeyd edib ki, hazırda “Elm” nəşriyyatı nüfuzlu nəşriyyat kimi hər il müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın stendində nümayiş olunan seriyalı nəşrlər, monoqrafiyalar, çoxcildliklər və s. nəşrlərə baxdıqda Akademiyada nəşriyyat sahəsinin, çap prosesinin inkişafını görmək mümkündür.
Akademik İsa Həbibbəyli nəşriyyatın diektoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun da bütün işlərdə əməyini yüksək qiymətləndirib. Bildirib ki, S.Qəhrəmanovun müəllifliyi ilə hazırlanan “Azərbaycan elminin salnaməsi və bələdçisi”, eləcə də tərtib etdiyi “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925-1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991-2025)” adlı ikicildlik biblioqrafiya və “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşrlər müəssisənin 100 illik yubileyinə mühüm töhfədir. Vurğulayıb ki, ikicildlik biblioqrafiyaya salınmış yeddi mindən çox kitab müəssisənin yüz il ərzindəki fəaliyyətinə bir daha nəzər salır.
Akademik İsa Həbibbəyli nəşriyyatın işini yüksək qiymətləndirib, əməkdaşları yubiley münasibətilə bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Sonra nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “AMEA-nın “Elm” nəşriyyatının inkişaf yolu və qarşıda duran vəzifələr” adlı məruzə ilə çıxış edib. Bildirib ki, AMEA-nın sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti təsis edilərkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin sistemli şəkildə nəşri, elmi jurnalların təsis edilməsi olub. O, Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair çoxsaylı əsərlərin çapının planlaşdırılmasının nəşriyyatın yaradılmasını labüd etdiyini vurğulayıb: “Bu məqsədlə 1925-ci ildə Nəşriyyat yaradılmış, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Blinov və elmi katib Bəkir Çobanzadəyə həvalə edilmişdir”.
Sonrakı onilliklərdə nəşriyyatın ayrı-ayrı qurumların tabeliyində fəaliyyət göstərdiyini deyən S.Qəhrəmanov bildirib ki, bütün bunlara baxmayaraq, müəssisənin missiyası hər zaman Azərbaycanda elmi biliklərin yayılmasına xidmət etmək, milli kitab mədəniyyətini inkişaf etdirmək və müxtəlif elm sahələrində aparılan fundamental tədqiqatların nəşrini təmin etmək olub. Bu tarixi yolun formalaşmasında Azərbaycan elminin böyük şəxsiyyətlərinin – akademiklərin, alimlərin, redaktorların, rəssamların əməyini xüsusi vurğulayıb.
Məruzəçi son illər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində “Elm” nəşriyyatının da modernləşmə və inkişaf prosesinə qoşulduğunu diqqətə çatdırıb. O, Akademiya rəhbərliyinin qayğısı nəticəsində nəşriyyatın fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığını, müəssisənin maddi-texniki bazasının son iki ildə əsaslı şəkildə yenilənərək müasir standartlara uyğunlaşdırıldığını, yeni avadanlıqlar alındığını əlavə edib.
S.Qəhrəmanov məruzəsində nəşriyyatın beynəlxalq əməkdaşlığı, standartlaşdırma sahəsindəki fəaliyyəti, yerli və beynəlxalq sərgilərdə iştirakı, müəssisənin yenilənmiş veb-saytı, ümumən müəssisənin son illər əldə etdiyi uğurlar haqqında da ətraflı məlumat verib. Sonda bir daha yubiley münasibətilə hər kəsi təbrik edib, “Elm” nəşriyyatına, əməkdaşlara yeni nailiyyətlər arzulayıb.
Sonra “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktorunun müavini, baş direktor v.m.i.e, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Məmmədzadə çıxış edib. Bir əsrlik fəaliyyət yolu keçmiş “Elm” nəşriyyatının Azərbaycan elminin, təhsilinin, milli-mədəni irsinin formalaşmasında və inkişafında müstəsna rol oynadığını deyən K.Məmmədzadə bu müəssisənin uzun illər ərzində elmi fikrin cəmiyyətə çatdırılmasında, fundamental və tətbiqi elmi əsərlərin nəşrində, eləcə də alimlərimizin zəngin intellektual irsinin qorunub saxlanılmasında etibarlı bir elmi platforma kimi çıxış etdiyini bildirib.
Qurum rəhbəri bildirib ki, institut tərəfindən AMEA-nın “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. O, bu texniki komitənin informasiya idarəçiliyinin təkmilləşdirilməsinə, sənədlərin düzgün tərtibatının və saxlanmasının təmin edilməsinə, nəşriyyat məhsullarının, o cümlədən kitabxana işinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş dövlət standartlarının işlənib hazırlanmasında və qəbulunda bilavasitə iştirak etdiyini diqqətə çatdırıb. O, AZSTAND/TK 52 tərəfindən hazırlanan “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və “Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” standartlarının artıq “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsdiq olunduğunu bildirib, həmin standartların çap variantını akademik İsa Həbibbəyliyə təqdim edib.
K.Məmmədzadə “Elm” nəşriyyatı ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasındakı əməkdaşlığın daha da genişlənəcəyinə, birgə layihələrin cəmiyyət üçün faydalı olacağına əminliyini ifadə edib. O, nəşriyyatın kollektivini bu əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar, elmi nəşrlərində daha böyük nailiyyətlər və uzunömürlü yaradıcılıq yolu arzulayıb.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək nəşriyyatın əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Bildirib ki, yüz illiyini qeyd edən “Elm” nəşriyyatı XX əsr Azərbaycan xalqının sosial inkişafında elmi-mədəni həyatında müstəsna rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının ən uğurlu strukturlarından biridir. Sovet hakimiyyəti illərində Azərbaycan cəmiyyətinin inkişafında “Elm” nəşriyyatının misilsiz rolu var: “Həmin dövrdə düşünən insanların formalaşmasının əsas vasitəsi kitabdan ibarət idi. “Elm” nəşriyyatı tərəfindən çap olunan çoxsaylı elmi ədəbiyyat, monoqrafiyalar, lüğətlər, elmi əsərlər Azərbaycanda elmi biliyin formalaşmasında son dərəcə müstəsna rol oynayıb, elmi mühitin yaranmasında mühüm bir funksiyanı həyata keçirib”.
Alim vurğulayıb ki, müəssisə fəaliyyət göstərdiyi müddət ərzində cəmiyyətdə özünə qazandığı imiclə yalnız bir nəşr qurumunun çərçivələrinə sığmır, öz fəaliyyəti ilə xüsusi brendə çevrilib. Qeyd edib ki, “Elm” nəşriyyatı” brendi bu gün də nüfuzunu yüksək səviyyədə qoruyub saxlamaqdadır.
S.Xavəri kitab çapı tarixindən ətraflı bəhs edib, müasir dövrdə nəşriyyatlar qarşısında qoyulan vəzifələrdən də danışıb. Natiq çıxışında “Elm” nəşriyyatının əldə etdiyi uğurlarda direktor Səbuhi Qəhrəmanovun xüsusi əməyinin olduğunu, onun nəşriyyatın işini akademiya rəhbərliyinin müəyyənləşdirdiyi prinsiplər, ideyalar əsasında həyata keçirdiyini diqqətə çatdırıb.
Alim son illər Akademiyada akademik İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan mühüm islahatlar birinin elmin informasiya təminatının həyata keçirilməsi olduğunu deyib. Bildirib ki, “Elm” nəşriyyatı, Mərkəzi Elmi Kitabxana, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bir-biri ilə qarşılıqlı əlaqəda fəaliyyət göstərir, elmin informasiya təminatını yüksək səviyyədə icra edirlər. S.Xavəri bir daha nəşriyyat əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Bayramov, BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, “Elm” nəşriyyatının sabiq direktorlarından Əjdər Xanbabayevin qızı və müəssisənin keçmiş əməkdaşı Afət Xanbabayeva çıxış ediblər. “Elm” nəşriyyatının fəaliyyəti, əldə etdiyi uğurları yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar diləyiblər.
Tədbirdə akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanova Akademiyada uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)” döş nişanını təqdim edib.
Daha sonra “Elm” nəşriyyatının bir qrup əməkdaşı 100 illik yubileyi münasibətilə müəssisənin elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə AMEA Rəyasət Heyətinin Təşəkkürnaməsi və AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif ediliblər.

