Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir.
Leqal.az xəbər verir ki, faşizm üzərində qələbədən 78 il ötür.
Azərbaycan xalqı artıq üçüncü ildir ki, faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb. Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə imza atıb.
Amma 44 günlük Vətən müharibəsilə qazanılan zəfər ölkənin tarixinə ən parlaq qələbə kimi həkk olunub.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.
Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub.
Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsi nəticəsində 60 milyona yaxın insan həlak olub.