VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
  • Maraqlı

  • Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının 10 mart 2020-ci il ilk iclasında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər aparmışdır.

    Altıncı çağırış Milli Məclis öz işinə başladığı gün prezident İlham Əliyev öz nitqində demişdir: “Bu münasibətlə bütün deputatları ürəkdən təbrik edirəm, onlara uğurlar arzulayıram.İlk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm. Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Əminəm ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir”

    Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqlarına və inkişaf dinamikasına əsaslanan, ölkəmizin quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etməsinin vacibliyini vurğulayan cənab Prezident İlham Əliyev bildirmişdir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

    Cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məkanıdır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək olacaqdır.
    Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm Prezidentimizin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir. Parlament xalqın maraqlarını ifadə etməli, deputat onu seçmiş insanların problemlərinə bələd olmalı, qayğılarına diqqət göstərməlidir. Milli Məclisin deputatlarının öz seçiciləri ilə əlaqələri müntəzəm xarakter daşımalı, onlar ayda bir neçə dəfə seçildiyi dairənin ərazisində olmalıdırlar. İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil etməlidir.

    Eyni zamanda, Azərbaycanda çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.
    Beləliklə, Azərbaycanda sistemli islahatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin Milli Məclisin VI çağırışının birinci iclasında bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.


    İradə İmanbəyli,
    Masallı rayon Dəmirçi kənd orta məktəbinin direktor müavini.

    PAYLAŞ:

    Oxşar xəbərlər