Zərdab rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək 16 min 432 hektar sahədə səpin aparılıb.
Rayon icra hakimiyyətindən LEQAL.AZ-ın bölgə müxbirinə bildirilib ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılığın inkişafı istiqamətində son illərdə ardıcıl tədbirlər həyata keçirilir. Təkcə cari ildə 18 min 750 hektar sahədən 62 min 438 ton taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 303 ton çoxdur. Hər hektardan məhsuldarlıq 33,3 sentner olub.
Fermerlər və fiziki şəxslər əkin sahələrin artırılması, daha yüksək məhsuldarlıqa nail olmaq üçün ciddi səy göstərirlər. İndiyədək əkin aparılan sahələrin 11 min 556 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün sahələrə 100-dən çox texnika çıxarılır. Əkində yerli şəraitə uyğun yüksək repreduksiyalı toxumlardan istifadə olunur, şum altına mineral gübrə verilir. Əkin rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Yuxarı Seyidlər, Bıçaqçı, Alıcanlı, Şəftəhal, Şahhüseyinli ərazi dairələrində, “Aqrobaz” MMC- də daha mütəşəkkiliklə davam etdirilir.
Qeyd edək ki, ilkin səpin aparılan sahələrdə normal çıxış alınıb və çıxış alınan ərazilər suvarılır.