Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin finalçıları martın 19-da müəyyənləşəcəklər.
LEQAL.AZ xəbər verir ki, yarımfinalın dörd partiyadan ibarət cavab matçlarında norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, amerikalı şahmatçı Uesli So niderlandlı Aniş Giri ilə mübarizə aparacaqlar. Qeyd edək ki, martın 18-də keçirilmiş birinci matçda rusiyalı şahmatçı dünya çempionu üzərində 2,5:1,5 hesablı qələbə qazanıb. Yarımfinalın digər matçında ABŞ təmsilçisi Uesli So niderlandlı Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edib. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.