Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Masallı Olimpiya İdman Kompleksində təşkil olunan yarışların açılış mərasimi zamanı əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Bildirilib ki, yarışların keçirilməsində məqsəd Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi, rayonda güləşin inkişafı, perspektivli idmançıların aşkar edilməsi, yeniyetmələrin idmana olan marağının artırılmasıdır.
İki gün (12-13 noyabr) davam edən açıq birinçilikdə Masallı, Lənkəran, Astara, Cəlilabad, İmişli rayon, Gəncə və Bakı şəhər komandaları iştirak ediblər.
7 komandadan 100-ə yaxın yeniyetmə pəhləvanın gücünü sınadığı yarışların yekun nəticəsinə əsasən Masallı rayon komandası birinci, Bakı şəhərini təmsil edən “ROİL” komandası ikinci, Lənkəran rayon komandası isə üçüncü layiq görülüb.
Qalib güləşçilər təşkilat komitəsinin diplom və medalları, komandalar isə kubokla mükafatlandırılıb.
Akif AĞAYEV,
MASALLI