Zaqatala rayonunda qətl törədilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Rayon sakini 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Aşağı Tala kəndində Tarıyel Əhmədovun qızının evində baş verib. Əvvəllər rayonda həkim kimi çalışmış T.Əhmədov orada qızıgildə qalırmış.
Bildirilir ki, T.Əhmədovla tanışı Həsən Davudov arasında bir müddət imiş pul məsələsinə görə narazılıq olub. Hətta tərəflər arasında məhkəmə çəkişməsi də davam edirmiş.
Hadisənin də bu zəmində baş verməsi ehtimal edilir.