Bakıda yeni dələduzluq: Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb?

Bakıda yeni dələduzluq: Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb?
  • Hadisə

  • Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

    Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb.

    Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: “Həmin müqvilədə onun peçatı oldu. Müqaviləyə əsasən iki ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu”.

    İki ay bitir, amma Əli Nuriyevin mənzilinin təmiri bitmək bilmir. Evdə çalışan fəhlələr isə bildirirlər ki, onlara zəhmət haqqı ödənilməyib: “Fəhlələrin etirazından sonra Ruhəddinlə əlaqə saxladıq. Dedi ki, mənim maliyyə problemim olduğundan təmir ləngiyib, fəhlələrə də pul ödəyə bilməmişəm. Bundan sonra hər şey yaxşı olacaq. Avqustun 8-nə təhvil verəcəyini dedi, ayın 26-sı oldu, yenə mənzil təmirsiz qaldı”.

    Bundan sonra Ruhaddin Cabarrovun qohumu Telman Fətəliyev adlı şəxs ona zəng edir və deyir ki, təmirin oktyabrın 1-nə qədər başa çadırlmasında yardımçı olacaq. Bunun üçün Telman Fətəliyev Əli Nuriyevdən əlavə olaraq 2600 manat pul istəyir.

    Pul ödənir, əlavə müştərək müqavilə bağlanır. Telman Fətəliyev də aldığı pulu müqavilədə qeyd edir. Ancaq bundan sonra nə Telman Fətəliyevə, nə də Ruhəddin Cabbarova zəng çatır.

    Əli Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir:

    “Sonradan bizə məlum oldu ki, “Az İntekst” MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. 20 nəfər hazırda zərəçəkmiş var mənim kimi. Onlardan elə ailə var ki, 20, 30 həttda 40 min manat ödəyən şəxslər də var. Bizim inanmağımızın əsas səbəbi isə “Az İntekst” MMC-nin şəriklərindən birinin aktyor Fərda Xudaverdiyev olmasıdır”.

    Zərərçəkmiş vətəndaşlardan biri də Tural Xəlilzadədir. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında eyniadlı şirkətə mənzil təmiri üçün ödəniş edib:

    “Bizim mənzil Xətai rayon, Nargilə dairəsində yerləşir. Qardaşımındır. 3 otaqlı mənzildir . Müqaviləyə əsasən 44.100 manat məbləğində “Az İntekst” MMC-yə pul ödəməli idik, ilk olaraq məbləğin 50 faizini nağd ödəmişik. Təxminən iki ay müddətində guya təmir edirlərmiş kimi bir az əl gəzdirilib. İndi dayandığımız mənzildən belə betər vəziyyətə salıblar. Bu müddət ərzində bizi ofisə dəvət etdilər, dedilər ki 10 min manat da əlavə ödəniş edin. Ödənişin bütün qəbzləri qalır. Ümumilikdə 32 min manat pul ödənilib. Bizimlə müqaviləni isə “FƏRDA” Dizayn MMC ilə bağlayıb. 32 min manatı da məhz həmin şirkətə ödəmişik”.

    Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmadı. Daha sonra adı dələduzluqda hallanan hər iki şəxsin vəkilləri ilə əlaqə saxladıq. Ancaq onlar da hazırda həmin şəxslərə hüquqi xidmət göstərmədiklərini dedilər.

    “Az İntekst” MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirdi: “Az İntekst” MMC-nin bu fəaliyyəti ilə bağlı zərərçəkənlər haqlı olaraq məni axtarıb tapandan sonra məlumatım oldu. Məsələ ondan ibarətdir ki, mən “Az İntekst” MMC-ni qurduqdan sonra Ruhəddin Cabbarov direktor vəzifəsində çalışıb. Amma işlərinin öhdəsindən gəlmədiyindən əməkdaşlığımıza xitam verildi. MMC-nin möhürünü ondan tələb etdikdən sonra mənə möhürün itdiyini dedi. Mən də zərəçəkənlərə dəymiş zərərin ödənilməsini istəyirəm”.

    Aktyor Fərda Xudaverdiyev isə ittihamlara belə cavab verdi: “Mənim şəxs olaraq heç bir tikinti və yaxud təmir şirkətim yoxdur. Təmir şirkəti axtarırdım. “İnstagram”da təsadüf nəticəsində tanış olduq. Beləliklə razılaşdıq ki, onlar təmir etsinlər, əvəzində isə biz reklam edək və adımdan istifadə etsinlər. Bizə dəstək olun dedilər, rəqabət çoxdur. Biz də insan olaraq sadəcə dəstək olduq. O da bax, belə... Axırı dələduzluğa keçdi. Çox təəssüf hissi ilə qeyd edirəm bunu. Çox istəyirəm ki, o adamı tutulandan sonra görüm. Zərəçəkmiş insanlar mənim özümə də müraciət ediblər və təəssüflə bildirmişəm ki, mənim də adım hallanıb bu işdə. Onlara da demişəm ki, hüquq mühafizə orqanlarına müraciət etsinlər”.

    Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır./oxu.az

    Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər