Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, görüşdə yeni investisiya layihələrinin həyata keçirilməsi, Özbəkistan-Türkiyə çoxplanlı münasibətlərinin aktual məsələləri, regionlararası dialoqun inkişaf etdirilməsi, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Özbəkistan Prezidenti bildirib ki, yüksək səviyyədə keçirilən müntəzəm görüşlər gələcək dostluq və strateji tərəfdaşlıq bağlarını möhkəmləndirir, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir.
Görüşdə Özbəkistan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ötən ilin fevralında Ankarada dövlət başçıları səviyyəsində keçirilən birinci Zirvə görüşündə qəbul olunan sənədlərin icra mexanizmi və ikinci Zirvə görüşünə hazırlıq məsələləri diqqət mərkəzində olub.
Söhbət zamanı bildirilib ki, ölkələr arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, Türkiyə şirkətlərinin iştirakı ilə Özbəkistanda yeni investisiya layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində beynəlxalq siyasət, regional tərəfdaşlıq məsələləri də diqqət mərkəzində olub.