Güclü qar və havaların kəskin soyuması Almaniya və Niderlandda nəqliyyatın işi ilə bağlı ciddi problemlər yaradıb.
LEQAL.AZ Associated Press agentliyinə istinadla xəbər verir ki, Almaniyanın bir neçə avtomobil magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb. Ölkənin mərkəzi və şimal hissələrində dəmir yolunun işi pozulub. Frankfurtdan şimal-şərq istiqamətinə, Berlindən isə qərb istiqamətinə qatarların hərəkəti dayandırılıb.
Niderlandda dəmiryol nəqliyyatının operatoru hava şəraiti səbəbindən bazar ertəsi günü qatarların hərəkətini məhdudlaşdıracağı barədə xəbərdarlıq edib. Ölkədə son 10 ilin ən güclü qar fırtınası ilə əlaqədar “qırmızı” təhlükə səviyyəsi elan olunub. Amsterdamın Sxipxol aeroportunda onlarla aviareys ləğv edilib və ya təxirə salınıb. Eyndhoven hava limanı isə təyyarələrin yola salınmasını və qəbulunu dayandırıb.