Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasını keçirib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Qazaxıstanın birinci prezidenti pandemiyanın ölkə üçün yaratdığı əsas təhdidləri açıqlayıb.
Qazaxıstanın da digər ölkələrlə birlikdə təhlükəsizlik mühitində keyfiyyət dəyişiklikləri dövrünə qədəm qoyduğunu bildirən Nursultan Nazarbayev iqtisadi təhlükəsizlik, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi və xüsusilə insan kapitalının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə diqqət yetirib.
“Biz bir dövlət və vahid millət kimi dönüş mərhələsinə gəlib çıxmışıq. Koronavirus infeksiyası özünəməxsus bir dönüş oldu. Bu, gələn on il ərzində öz təsirini göstərəcək. Artıq bu gün milli təhlükəsizliyin ənənəvi çağırışlarının transformasiyası baş verir, yeni asimmetrik və hibrid təhdidlər meydana çıxıb”, - deyə sabiq prezident bildirib.
“Əsl təhlükə mineral-xammal ehtiyatlarının qiymətinin düşməsi deyil, millətin intellektual potensialının keyfiyyətinin azalması riskidir. Bu, ilk növbədə təhsilə aiddir. Biz burada inkişaf etmiş ölkələrdən hələ ciddi geri qalırıq. Təhsil yaxın onillik üçün milli ideyamız olmalıdır”, - deyə N.Nazarbayev vurğulayıb.