Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı razılaşmanın əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədələrinə münasibət bildirib.
Leqal.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.
O, bildirib ki, Kreml Trampın bəyanatında xüsusilə heç bir yeni element görmür:
“Biz burada heç bir xüsusi yeni element görmürük. Bilirsiniz, Tramp prezidentliyinin ilk dövründə (red. - 2016 – 2020) ən çox sanksiya metodlarına əl atan Amerika prezidenti olub. Əlbəttə ki, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazır olaraq qalırıq. Bərabər dialoq, qarşılıqlı hörmət əsasında dialoq... Hələ ki, daxil olmamış siqnalları gözləyirik”.
Xatırladaq ki, ABŞ Prezidenti Ukrayna ilə bağlı razılığa gəlmədiyi təqdirdə Rusiyaya yüksək tariflər və sanksiyalar tətbiq edəcəyini vəd edib.