"Leqal.az" virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun Belarus xidməti bildirir.
Qeyd olunur ki, Belarusun tibb işçiləri Rusiya hərbçilərinin meyitləri və yaralılar haqda informasiyaları yaymamaq barədə öhdəlik imzalayıblar, bəzi hallarda onları işdən çıxarmaqla hədələyiblər. Ötən həftə Mozır şəhərinin dəmir yol stansiyasında “Rusiya Dəmir Yolları” QSC-nin yük qatarına çoxsaylı meyit yüklənib.
“Meyitlər ağlasığmaz dərəcədə çox idi. Mozır stansiyasında olan adamlar qatara yüklənən meyitlərin miqdarını görəndə sadəcə olaraq şoka düşüblər. İnsanlar video çəkməyə başlayıblar, amma hərbçilər onları qovublar və telefonlarını əllərindən alaraq videoları sildiriblər. Mozır ətrafındakı Kamenka kəndinin qəbiristanlığını isə əhatəyə alıblar, ora heç kimi buraxmırlar, mühafizə qoyublar”,-Mozır sakini adının açıqlanmaması şərtilə belə deyib.
Digər şəxslər isə jurnalistlərə deyiblər ki, Mozır hospitalı hələ də yaralı Rusiya hərbçiləri ilə doludur, yerli sakinlərə şəhər xəstəxanalarında xidmət göstərilməsi məhdudlaşdırılıb. Çünki hər yerdə yaralılar saxlanılır.
Qomel sakinləri isə bildiriblər ki, yaralı Rusiya hərbçilərini bu şəhərə avtobuslarla daşıyırlar, meyitləri isə yük maşınları ilə gətirirlər. “Onların meyitlərini “Ural” maşınlarında gətirirlər, buradan Rusiyaya yola salırlar”, - sakin deyib.
Qomeldəki radioasion təbabət mərkəzi müharibənin əvvəllindən ancaq Rusiya ordusunun yaralı hərbçilərini qəbul edir. Orada işləyən də rusiyalı həkimlərdir. Yaralıları Kostyukov hospitalına və vilayət kliniki xəstəxanasına daşıyırlar.
Xatırladaq ki, ötən gün BBC müxbiri Belarusun Mozır şəhərində morqların dolu olduğunu, rus əsgərlərinin meyitlərinin soyuducusu olmayan adi tikililərə doldurulduğunu bildirmişdi. Jurnalist məlumat verirdi ki, meyitlər soyuducu kamera olmayan otaqlara üst-üstə yığılır, orada bir neçə gün qalıb iylənir, sonra Rusiyaya daşınır.
İlhaq edilmiş Krımda da xəstəxanalar, o cümlədən səhra xəstəxanaları yaralılarla, meyitlərlə doludur. Orada ölənlərin bir qisminin meyitləri krematoriyada utilizasiya olunur.