"Ağzıma ayaqqabı soxdu və..." – Səkkiz gün erməni əsirliyində qalan Xocalı sakini ilə MÜSAHİBƏ

"Ağzıma ayaqqabı soxdu və..." – Səkkiz gün erməni əsirliyində qalan Xocalı sakini ilə MÜSAHİBƏ
  • Cəmiyyət / Maraqlı

  • Xocalı soyqırımı tariximizin ən faciəli səhifələrindən biridir. Soyqırımdan əvvəl Xocalının əhalisi yeddi min nəfərə yaxın idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə silahsız və müdafiəsiz şəhərə hücuma keçdi.

    Bir gecədə Xocalı yerlə-yeksan edilib, 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil. 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək dəhşətli işgəncələrə və əziyyətlərə məruz qalıblar. Onlardan biri də Dürdanə Ağayeva olub.

    "Özümü yaşayan ölü kimi hiss edirəm, sanki şəhid olmuşam, sadəcə sağam, mən o vaxt, 1992-ci ildə, o dəhşətli gecədə öldüm...". Media.Az-ın Xocalı soyqırımının canlı şahidi, səkkiz gün erməni əsirliyində qalan Xocalı sakini ilə müsahibəsi bu sözlərlə başlayır.

    - Gəlin, 30 il geriyə qayıdaq...

    - Mən gözəl, cənnət məkan Xocalıda doğulub boya-başa çatmışam, bütün uşaqlığım, demək olar ki, bütün gəncliyim Qarabağda keçib. İbtidai və orta təhsilimi Xocalıda almışam, elə orada da ATS-də telefon operatoru işləməyə başlamışam.

    Bizim uşaqlığımız çox gözəl keçib. Xocalı kiçik yaşayış məntəqəsidir, hamı bir yerdə yaşayırdı, bir-birini tanıyırdı. Biz bir yerə yığışmağı sevirdik, əlamətdar tarixləri qeyd edirdik, bir-birimizə qonaq gedirdik... Amma bütün bunlar müharibəyə qədər davam etdi... O, gəncliyimizi məhv etdi, arzularımızı yarımçıq qoydu... Müharibə çox qorxuncdur. Bilirsiniz, düşmənlə üz-üzə olmaq necə qorxuludur? Həm də alçaq və amansız düşmənlə... Allah heç kimə belə bir şey yaşatmasın.

    - Ailənin tək övladısınız?

    - Yox, üç qardaşım da var. Atamızı erkən itirdik, anam bizi dostluq, harmoniya içində böyütdü ki, bir-birimizə arxa, dayaq olaq. Anamın anası - nənəm də bizimlə yaşayırdı, bir sözlə, ailədə altı nəfər idik.

    - Dərdli günlər başlayanda neçə yaşınız var idi?

    - Hər şey 1988-ci ildə, demək olar ki, 16 yaşım olanda başladı, qardaşlarım isə məndən kiçik idilər. Məhz həmin il nəyinsə qaydasında getmədiyini hiss etdik, anladıq ki, belə qonşulardan qorxmaq lazımdır.

    - Bəs bundan əvvəl belə bir hissiniz olmamışdı?

    - Yox! Biz səmimi və mehriban xalqıq. Bunun baş verə biləcəyini təsəvvür belə edə bilməzdik. Rus dilini oxuduğum məktəbdə ermənilər dərs deyirdilər. Onlar tərəfindən bu barədə bir işarə belə yox idi. Biz uşaq idik və onlar bizim təhsilimizə görə narahat idilər, dərsdən sonra şagirdləri saxlayırdılar. Yadımdadır, rus dili müəllimi Lena xanım (erməni) və Azərbaycan dili müəllimi Elmira xanım (azərbaycanlı) bizə birgə əlavə dərslər keçirdilər. Onlar həqiqətən də bir-birilərinə yaxşı davrandılar, amma sonra hər şey dəyişdi...


    - Xocalıda ermənilər yaşayırdı?

    - Yox, onlar Xankəndidən bizim məktəbə dərs deməyə gəlirdilər.

    - Deyirsiniz ki, sonra hər şey dəyişdi...

    - Bəli, mən hesab edirəm ki, müharibəni 1988-ci ildə Qarabağa toplaşmağa başlayan İrəvan erməniləri başlayıb. Bu daşnaklar gələndən sonra Xankəndi erməniləri də onlarla birlikdə mitinqlər təşkil etməyə başladılar, əllərində "Qarabağ-Hayastan" plakatları tutaraq küçələrə çıxdılar. Təbii ki, təəccübləndik, bunu gözləmirdik, sanki uzun yuxudan oyanmışdıq. Axı bu insanlar bizim ərazimizdə yaşayırdılar, amma bizi qovmağa çalışırdılar.

    Xocalıya ilk hücum 1988-ci il sentyabrın 18-də həyata keçirilib. O vaxt onların hələ silahı və hərbi texnikası yox idi, onlara Xankəndi şəhərində yerləşən sovet 366-cı motoatıcı alayının hərbçiləri dəstək vermirdilər.

    - Belə olan halda onda ermənilər nə ilə silahlandılar?

    - Onlar əsasən hava limanından əraziyə daxil olan İrəvan erməniləri idi, əsasən ov tüfəngləri ilə silahlanmışdılar. Həmin sentyabr günü Xocalıda toy idi, camaat şənlənir, dincəlirdi... Təbii ki, bizim kişilər ermənilərə cavab verdilər, onları tez geriyə - Xankəndiyə göndərdilər. Amma o zaman heç kəs düşünə bilməzdi ki, hər şey soyqırımla bitəcək.

    Ermənilər sovet hərbçilərinin dəstəyini alanda vəziyyət daha da mürəkkəbləşdi, bir daha deyirəm, çünki o vaxt keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Xankəndidə yerləşirdi. Ermənilər tamamilə sovet ordusuna arxalanırdılar. Uğrunda ağlasığmaz qurbanlar verdiyimiz səmimi mehribanlığımızla, sevinclə sovet hərbçilərini yedirtdik, içirtdik. Yadımdadır, nənəm deyirdi ki, burada təkdirlər, cavandırlar, valideynsizdirlər, onlara yemək verən yoxdur. Onları südə, isti lavaşa qonaq edirdi. Sonralar bu əsgərləri bizə hücum edən ermənilərin, məni əsir saxlayanların arasında gördüm.


    - Necə oldu ki, əsir düşdünüz?

    - Hər şey fevralın 25-də, gecə saat 11 radələrində başladı. Onlar Xocalıya dörd tərəfdən hücum etdilər, faktiki olaraq şəhəri mühasirəyə aldılar. Mülki vətəndaşlar üçün qaça biləcəkləri yalnız bir dəhliz var idi - meşədən Ağdama gedən yol. Atəş başlayan kimi evdən qaçaraq meşəyə tərəf getdik. Çöldə qarlı fevral ayı idi, biz yüngül paltarda idik, iliklərimizə qədər donmuşduq. Qarqar çayını keçmək üçün suya az qala dizə qədər girmək lazım idi. Qardaşlarım nənəmi keçirdilər, o, zərər çəkmədən Ağdama ilk çatanlardan oldu. Biz isə ayaqlarımızı islatdıq, bu isə hərəkət etməyi çox çətinləşdirirdi.

    Geriyə baxmadan qaçdıq, soyuq, qaranlıq və qorxulu idi. Güllələrin vıyıltısı bizi yerə yıxırdı, anam böyründən yaralandı, qardaşım ona ayağa qalxmağa kömək etdi və biz yeriməyə davam etdik. Meşə meyitlərlə dolu idi, yaxınlıqda uşaqlar vardı, onları kömək dalınca gedənlər qoymuşdu. Bilirsiniz, çoxuşaqlı ailələr var idi, ona görə də qadınlar bütün uşaqları təkbaşına xilas edə bilməzdilər. Həm yaşlılar, həm də gənclər arasında həlak olanlar vardı...


    - Xocalıdan Ağdama yola nə qədər vaxt lazımdır?

    - Meşə ilə təxminən səkkiz saat. Əsgərlərimiz Ağdamın Şelli kəndi yaxınlığında dayanmışdılar, Xocalı sakinləri ilə görüşür, onlara kömək edirdilər. Qabaqda iki qardaşım və yaralı anam, arxada isə qardaşım Elşad və mən gedirdik. Şelli kəndindən bir qədər aralıda, Qaraqaya qəsəbəsi yaxınlığında biz əsir düşdük. Ermənilər yolumuzu kəsdilər və düz gözlərim önündə hamilə qadını öldürdülər, məni və qardaşımı yaraladılar.

    Bizimlə Azərbaycan dilində danışan ermənilər bizi Əsgəranda yerləşən istintaq təcridxanasına apardılar. Telefonçu olduğumu biləndə dərhal məni döyməyə başladılar.

    - Niyə?

    - Məni mülki şəxs yox, hərbi rabitəçi hesab edirdilər. Bizimlə bir erməni qadını da gətirmişdilər, o, Xocalı sakini ilə evli idi. Həmin qadın mənə böhtan atdı.

    - O necə oldu?

    - Onu buraxdılar... Hamını döyürdülər, bəzən o qədər dözülməz olurdu ki, qışqırmamaq üçün öz əlimi dişləyirdim. Başa düşdüm ki, qardaşım qonşu kamerada saxlanılır, qışqırığıma dözmür, mənə kömək etmək istəsə, öz ölüm hökmünə imza atacaq. Belə isə, hələ də sağ qala biləcəyimizə şans var idi.

    Mən özümlə kiçik bir çanta götürüb meşədə yol boyu güllə yığmışdım... Ermənilər çantamı yoxladılar və orada güllələr tapıb üzümə atdılar. Təsəvvür edin, hələ 20 yaşı tamam olmayan, ayağından yaralanmış, tükənmiş və donmuş arıq bir qız... Məni çox ağrıdırdı və qorxurdum, titrəyirdim, gözlərimdən yaş axırdı... Bütün qadınlar bir kameraya yığdılar. Bizə nələr etmədilər… Döydülər, alçaltdılar, təhqir etdilər, şərəf və ləyaqətimizi ləkələdilər... Axı sözlə çox şey deyə bilməzsən, ayıbdır...

    Anlamağınız üçün sizə bir nümunə verəcəyəm. Bu kamerada əsasən çox gənc qızlar var idi, onları ümumiyyətlə açılmamış qızılgül qönçələri ilə müqayisə etmək olar. Orada bu güllər kökündən məhv oldu, qurudular, öldülər... O gündən bizim ən dəhşətli əzabımız başladı.

    - Amma qadınları bir gün sonra buraxdılar, elə deyilmi?

    - Əslində yox, Allahverdi Bağırovun səyi ilə dəyişdirildi, o, 1 050 Xocalı sakinini əsirlikdən xilas etdi.

    Qeyd edək ki, A.Bağırov azərbaycanlı hərbçi, Ağdamın "Qarabağ" futbol klubunun keçmiş baş məşqçisi, Qarabağ müharibəsi iştirakçısı, Eldar Bağırov adına hərbi hissənin komandiri, Azərbaycanın Milli Qəhrəmanıdır.


    - Onda niyə səkkiz gün əsirlikdə qaldınız?

    - Getməkdən imtina etdim, qardaşımsız getməyəcəyimi dedim, məni aparmadılar. Elşadı qoya bilmədim, elə cəhənnəm də bundan sonra başladı... Təsəvvür edin, uzun və qalın hörüyüm var idi (o olmasaydı, daha yaxşı olardı), məni dindirən erməni ondan yapışaraq idarənin ətrafında sürüyür, öz fəaliyyətim barədə danışmağı tələb edirdi. Mən ona sübut edə bilmədim ki, hərbi rabitəçi deyil, mülki şəxsəm. Saçlarımdan götürüb başımı divara vururdu...

    - Sizi heç olmasa yedizdirirdilər?

    - Əlbəttə yox. Bəzən yalnız su verilirdi. Mən kamerada, bir küncdə tək oturmuşdum, kişilərdən ayrı idim. Kamerada olan kiçik pəncərə sınmışdı, ona görə də çox soyuq idi, içəridə daim qarlı külək əsirdi. Açıq qırmızı paltarda, ağ yaş pencəkdə soyuq betonun üstündə ayaqyalın, ayağım yaralı oturmuşdum.

    Elə bil ki, kameraya girən hər kəs məni döyürdü. Bir dəfə yanıma bir qadın gəldi, başdan-ayağa qara geyinmişdi. Dəmir zəncirlə məni döyməyə başladı. Hansısa anda huşumu itirdim. İnanın ölmək istəyirdim, daha bu ağrıya, aclığa, soyuğa dözə bilmirdim, elə bildim ürəyim dayanır... Hiss etdim ki, nəbzimi yoxladılar, onun vurmadığını hesab edəndə isə məni çılpaq soyundurub küçəyə, düz zibil qutusuna atdılar.

    - Özü də şaxtalı havada?

    - Bəli. Orada nə qədər yatdığımı bilmirəm, amma gözlərimi açanda bədənimi hiss etmədim. Əlimi güclə ağzıma apardım, gözlərimi tüpürcəklə ovuşdurmağa başladım. Sonra pəncərədə işığı görüb küçədə yatdığımı anladım. Qapıya tərəf sürünərək qışqırmağa başladım, amma səsim çıxmadı, sadəcə inildədim. Yaşlı bir erməni çıxdı, saçımdan tutdu, yenidən kameraya sürüklədi, əşyalarımı üstümə atdı. Paltarlarımı çətinliklə geyindim, onlar islanmışdı və buzlu idi.


    - Hələ də hər şeyi xatırlayırsınız...

    -...sanki dünən olub. Hər şeyi, son ana qədər... Məni rahat qoymurdular, hələ də sağ qalmağıma təəccüblənirdim.

    - Bundan sonra da sizi alçaltmağa davam etdilər?

    - Əlbəttə... Bir gün sonra başqa bir erməni gəlib mənim ləyaqətimi təhqir etməyə başladı. Mən ona cavab vermək istəyəndə saçımdan tutub buzlu su vannasına sürüklədi. Məni bağladılar və yeddi saat soyuqda qoydular, deyəsən, artıq donduğumu görəndə, məni çıxardılar. Demək olar ki, huşumu itirmişdim, amma məni kişilər otağındakı tualetə bağladılar. 366-cı motoatıcı alayın əsgəri içəri girəndə mən çirkli plitələrin üstündə bütün paltarım yaş halda oturmuşdum. O, bu mənzərəni görüb dözmədi və ermənilərə əmr etdi ki, məni açıb kameraya aparsınlar.

    Sərəncamların əksəriyyətini Xocalıda dinc əhalinin soyqırımının təşkilatçılarından biri olan beynəlxalq erməni terrorçu Monte Melkonyan verirdi. O, yaxşı ingiliscə və bir az türkcə danışırdı, erməni dilini isə bilmirdi. Əsirlikdə onun kim olduğunu bilmirdim, onu Bakıda dindirmə zamanı DTK-nın mənə göstərdiyi fotoşəkildən tanıdım. Şəkildə onu görəndə az qala huşumu itirdim, gözümün önündə zorakılıqlarının mənzərəsi peyda oldu...

    Yadımdadır, adımı soruşdu, dedi ki, mənə Arzu deyəcək, çünki bu, onun sevimli adı idi. Bir dəfə məni özü ilə ermənilərin Xramont adlandırdıqları Xocalı rayonunun Pirlər kəndinə apardı. Orada bir gün qaldıq, ziyafət verib üstümə toyuq sümükləri atdı, dedi ki, türklər sümük gəmirən itlərdir, ermənilər isə ət yeyəcək.

    Sonra məşhur erməni cəllad Karo Paylyan məni Xankəndiyə növbəti ziyafətə apardı. O və Monte Melkonyan özlərini rəhbər hesab edir, özlərini istədikləri kimi aparırdılar. O, məni oturduğum kresloya bağladı. İçdikdən sonra stula elə güclə təpik vurdu ki, mən də onunla uçub getdim. Məni niyə bu qədər məsxərəyə qoydular, onlara nə etmişdim, anlamırdım... İki ayaq üstə gəzməyə icazə vermirdilər. Bir dəfə öz aralarında ərazilərimizi müzakirə edərkən cəlladlardan biri məndən soruşdu: "Torpaq istəyirsən?! Budur torpaq sənə!" deyərək palçığa bulaşmış çəkməsinin burnunu ağzıma soxdu və başımı yerə basdı ki, dönə bilməyim.

    Zamanın izini itirərək, heç nəyin iradəmi sındırmayacağını düşünürdüm, amma yanılmışam. Xankəndidən qayıdan Karo məndən evimin harada olduğunu soruşdu. Mən ona dedim və ora getdik. Düz evin yanında məni ayaqları ilə təpikləməyə başladı, tabeliyində olanlar isə tüpürüb daş atdılar. Amma bunu hiss etmirdim, gözümün qabağında ata evi var idi, yarısı yanmışdı, bütün arzularım da onunla birlikdə kül olmuşdu. Anamın arzularını xatırladım: Mənim ağ paltarda ikinci mərtəbədən birinci mərtəbəyə düşməyimi, gələcək ərimin də pillələrin axırında məni gözləyəcəyini xəyal edirdi. Başa düşdüm ki, daha belə olmayacaq... (göz yaşlarını saxlaya bilmədi).




    - Siz bu qədər hadisələr yaşamışdınız, məgər bu fikirləri yaxın buraxmaq da mümkün idi...

    -...O dövrlərdə qız uşaqlarının başqa dinin nümayəndələrinə ərə verilməsi qəbul edilmirdi, yalnız müsəlmana ərə verilirdi. Baxmayaraq ki, bizim kişilərin istənilən millətdən olan qızlarla evlənmək hüququ var idi. Xocalı kişiləri erməni əsirliyindən azad edilmiş qadınları qəbul edib onlarla ailə qurmurdular. Onlar hesab edirdilər ki, bizim namusumuz ləkələnib, bəziləri hətta niyə indiyə qədər intihar etmədiyimizi maraqlanırdılar. Bəli, gənc vaxtlarda hətta bir dəfə bunu etməyə çalışdım. Amma vaxtında özünə gəldi, qohumlarımı, əsirlikdə yaşadıqlarımı düşündüm. Mən hətta fikirləşirdim ki, heç vaxt ailə qurmayacam. Amma 25 yaşında Xırdalanda telefon operatoru kimi işə düzəldim və orada gələcək həyat yoldaşımla tanış oldum. O, məndən 11 yaş böyük idi, çox yaraşıqlı idi, hətta mənə diqqət etməsinə təəccüb etdim. Mən ona əsirlikdə olanları, orada yaşadıqlarım hər şeyi olduğu kimi danışdım. O isə əlimi tutdu və ölənə qədər onu buraxmayacağını söylədi. Dörd il əvvəl ərimi itirdim, o, xərçəngdən öldü. İndi mən də xərçəng xəstəsiyəm, metastazlar artıq başlayıb, amma Allahın köməkliyi ilə ümid edirəm ki, xəstəliyə qalib gələ biləcəyəm. Mənim gözəl qızım var, onun üçün yaşamalıyam.

    - İnşallah. Azərbaycan ordusu Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağa səfər etmisinizmi?

    - Bəli, Ağdamda olmuşam. Şuşaya gedə bilmədim, gücüm çatmadı... Bilirsiniz, ora mənim doğma Xocalıma çox yaxındır. Mən sadəcə olaraq o hisslərə davam gətirə bilməzdim. Ağdamda olarkən əsir düşdüyüm Qaraqaya məntəqəsinin yanından keçdim. Üstündən 30 il keçməsinə baxmayaraq, bədənimi ürpədici bir qorxu bürüdü.

    - Qarabağa köçüb orada məskunlaşmaq istərdinizmi?

    - Yalnız Qarabağda bir dənə də olsun erməni qalmayacağı təqdirdə. Başa düşürsünüzmü ki, yaşadığım bütün bu zorakılıqları unutmaq mümkün deyil. Xocalı sanki yer üzündən silinib. Əgər mən sadəcə məcburi qaçqın olsaydım, o zaman bu insanlarla münasibət yaratmaqdan danışa bilərdim. Amma doğma evimi yandırandan, əzizlərimi öldürəndən, əsirlikdə məni və qardaşıma verilən işgəncələrdən sonra bu mümkün deyil. Məgər bunları unutmaq olarmı?! Məncə heç vaxt! Özümü canlı ölü kimi hiss edirəm. Mən – şəhidəm, sadəcə olaraq diriyəm. Mən o zaman, 1992-ci ildə, o dəhşətli gecədə öldüm... Ancaq ümid edirəm ki, mənim nəvələrim, nəticələrim Xocalıda yaşayacaqlar. O gün gələcək!

    Qeyd edək ki, Dürdanə Ağayeva hazırda Azərbaycan, türk və rus dillərində çap edilmiş "Erməni əsirliyində səkkiz gün" kitabını müəllifidir.



    PAYLAŞ:

    Oxşar xəbərlər