Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukrayna məsələsinə dair xüsusi toplantı keçirib.
Ukraynanın xarici işlər naziri Dimitro Kuleba BMT-də çıxış edib.
“Rusiyanı dayandırmaq üçün sizin köməyinizə ehtiyacımız var. Diplomatiya üçün hələ də gec deyil”, - deyə Kuleba bildirib.
O, bəyan edib ki, Ukrayna heç vaxt heç kimi təhdid etməyib və heç kimə hücum etməyib.
“Ukrayna heç vaxt Donbasda hərbi əməliyyatlar planlaşdırmayıb və planlaşdırmayacaq. Bu cür iddialar məntiqin təməl prinsiplərini pozur. Ukraynanın niyyəti özünün müdafiə sistemini gücləndirməkdir. Rusiya beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Biz İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzəyik. Rusiyanın Donbasla bağlı iddiaları əsassızdır. Donbasla bağlı təxribat planımız yox idi. Lakin Putin Ukraynanın suveren hüququnu pozdu. Heç kim bu böhrandan qaça bilməz. Əgər Putin Ukraynaya hücumu davam etdirsə, hökumətləriniz və xalqlarınız bizimlə eyni ağır nəticələrlə üzləşəcəklər. Ona görə də biz Rusiyanı dayandırmalıyıq... Ukrayna beynəlxalq ictimaiyyətdən qəti və mütənasib addımlar gözləyir. Sadəcə qınamaq kifayət deyil. Rusiyanı dayandırmaq üçün indi sizin köməyinizə ehtiyacımız var. Bizə diplomatiya lazımdır. Diplomatiya üçün hələ də gec deyil. Rusiya sərhədimizə daha çox əsgər yerləşdirib. Hazırda sərhəddə 150 mindən çox əsgərin olduğunu görürük. Rusiyanın Qara dənizdə 48 gəmisi var. Onlar Ukraynanın dənizə çıxışını bağlamaq istəyirlər. Bu, beynəlxalq hüququn pozulmasıdır”, - deyə Kuleba qeyd edib.
Ukrayna XİN başçısı ölkəsinin nüvə silahına sahib olma iddialarına da aydınlıq gətirib.
“Biz nüvə qüvvələrimizdən imtina etdik. Biz dünyanın 3-cü ən güclü nüvə silahından imtina etdik. Bizim onu təkrar istifadə etmək və ya əldə etmək niyyətimiz yoxdur. Biz Rusiyanı gərginliyi azaltmağa və diplomatik səyləri gücləndirməyə çağırırıq. Biz beynəlxalq ictimaiyyətdən xahiş edirik ki, Avropanın mərkəzində artan yanğınla mübarizə aparmaq üçün hər şeyi etsin. Müvafiq addımların olmaması indi ancaq gərginliyin artmasına səbəb olur. Aktiv diplomatiya, güclü iqtisadi sanksiyalar Moskvanın aqressiv planlarından əl çəkməsinə səbəb ola bilər. Rusiya hücum edərsə, cavab verməyə hazırıq. Biz BMT-də bəyan edilmiş özünümüdafiə hüququmuzdan istifadə etməyə hazırıq”, - deyə o, vurğulayıb. //oxu.az