“Gürcüstanın səhiyyə sistemində vəziyyət kritik həddə çatıb”.
LEQAL.AZ xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, koronaviruslu xəstələrin çarpayı ilə təmin olunmasında ciddi problemlər var: “Hazırda Gürcüstanda aktiv xəstə sayı 50 192 nəfər təşkil edir ki, onların 6 635-nin stasionar müalicəyə ehtiyacı var. 1 327 pasiyentin vəziyyəti ağırdır, 326-sı süni tənəffüs aparatına qoşulub. 3 409 pasiyent COVID-19-a yoluxanların tibbi nəzarətdə saxlanıldığı mehmanxanalarda yerləşdirilib, 40 148 nəfər yoluxan şəxs isə ev şəraitində müalicə kursu keçir”.
Qonşu ölkədə mövcud ağır epidemioloji vəziyyət fonunda koronavirusa qarşı vaksinasiyanın məcburi olacağı gözlənilir. Baş nazir İrakli Qaribaşvili peyvəndlənmənin yaxın zamanlarda məcburi olacağını istisna etməyib.
“Biz buna istəsək də, istəməsək də getməliyik. Peyvənd vurdurmayan şəxs ölüm hallarının artdığı reallığı müşahidə etməli olacaq. Buna görə də özünü qorumaq üçün vaksinasiyadan mütləq keçmək lazımdır”, - o deyib./report